Siyəzən rayonu, Orta Həmyə kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Kəndin girişində şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin qarşısında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd edilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin edilməsidir.
Məlumat verilib ki, Siyəzən rayonunun Orta Həmyə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunaraq kənddaxili şəbəkə qurulub. Bu çərçivədə uzunluğu 3 km olan su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Ümumilikdə Orta Həmyə kəndinin 261 nəfərlik əhalisinin günlük 60 m³ su tələbatı yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır.