EN

Sarımsaq ağız yaxalayıcılarını əvəz edə bilər:Alimlər xlorheksidindən daha güclü təsir aşkarladı

Alimlər ağız yaxalayıcı vasitələrə qeyri-adi alternativ tapıblar. Şarja Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, sarımsaq ekstraktı ağız boşluğu üçün ən çox istifadə olunan antiseptiklərdən biri olan xlorheksidindən daha güclü antimikrob təsirinə malikdir.

Redaktor.az  xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Herbal Medicine (JHM)" jurnalında dərc olunub.

Xlorheksidin stomatologiyada “qızıl standart” hesab edilsə də, onun tətbiqi müəyyən yan təsirlərlə bağlıdır və mikrobların davamlılıq qazanması ilə bağlı narahatlıqlar mövcuddur. Sarımsaq (Allium sativum) isə təbii antimikrob xüsusiyyətləri ilə tanındığı üçün alimlərin diqqətini potensial təbii alternativ kimi cəlb edib.

Tədqiqatçılar sarımsağın ağız gigiyenasında effektivliyini qiymətləndirmək üçün daha əvvəl dərc olunmuş beş elmi işi təhlil ediblər. Nəticə göstərib ki, yüksək konsentrasiyalı sarımsaq əsaslı ağız yaxalayıcıları effektivlik baxımından xlorheksidinlə müqayisə oluna biləcək səviyyədədir. Bəzi araşdırmalarda xlorheksidinin ağız boşluğunda pH səviyyəsini daha yaxşı qoruduğu müəyyən edilsə də, sarımsaq müəyyən konsentrasiyalarda onu antimikrob təsirinə görə üstələyib.

“İştirakçılar təbii yaxalayıcının istifadəsi zamanı yanma hissi və xarakterik qoxudan daha çox şikayət ediblər. Bu isə məhsulun geniş istifadəsini məhdudlaşdıra bilər. Bununla belə, belə bir vasitənin kimyəvi maddələrə nisbətən ağız boşluğuna mənfi təsir göstərmə ehtimalı daha azdır,” — deyə alimlər bildiriblər.

Mütəxəssislər daha geniş pasiyent qrupları və daha uzunmüddətli müşahidə dövrü ilə aparılacaq klinik araşdırmalara ehtiyac olduğunu vurğulayıblar. Onların sözlərinə görə, sarımsaq ekstraktları əvvəllər stomatologiyanın müxtəlif sahələrində  stomatitin müalicəsi, dentin kanallarının dezinfeksiyası və kanal içi dərman kimi istifadə  istiqamətlərində də araşdırılıb.

Bundan əvvəl isə bir həkim tüpürcəyi düzgün udmamağın insanın diş quruluşuna təsir edə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Chosen
61
15
redaktor.az

10Sources