EN

Virtual pul bazarı enişdə...

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

“Rəqəmsal qızıl” hesab edilən “Bitcoin” 30 min dollardan çox ucuzlaşıb

Son günlərdə qlobal virtual pul bazarında kriptovalyutaların ucuzlaşması müşahidə edilməkdədir. Bazardakı dalğalanmaların nəticəsində bir ay ərzində investorlar son təxminən 1,1 trilyon dolları tədavüldən çıxarmaq məcburiyyətində qalıb. ABŞ-da yaşanan “shutdown” (hökumət iqtisadi blokunda dayanma) rəsmən bitməsinə baxmayaraq, qlobal ticarət tərəfdaşları ilə yaşanan geoiqtisadi gərginliklər investorların həftə boyu risklərlə üzləşməsinə səbəb olub. Baş verən bu fraqmentasiyalar fonunda ABŞ dolları, qızıl və kriptovalyutalar kimi əsas aktiv siniflərində əhəmiyyətli qiymət dalğalanmaları müşahidə olunub.

İnvestorlar “Bitcoin” almağa ehtiyat edirlər

ABŞ-da hökumətin maliyyə-bank idaretməsinin bərpasından sonra bazarlarda ilkin olaraq yumşalma yaransa da, bu pozitiv reaksiyanın ömrü çox qısa çəkib. Son bir ayda gecikmiş makro-məlumatların yenidən yayımlanması investor və biznes icması üçün gözləntiləri mənfiyə doğru istiqamətləndirib, bazarlarda hökm sürən nisbi volatillik aradan qalxıb və bazar treyderləri qeyri-müəyyənliyin ilk ağır siqnallarını qəbul etməyə məcbur olub. İlk olaraq əsas tədavül aləti olan dolların risk-qaçış periodu təkrarlanmaqla, dəyişkən kurs qiymətləri likvidliyi də yerindən oynadıb. Son bir həftə ərzində dolların dəyərində ucuzlaşma yenidən sabit kursa geri qayıtmaqla, əvəzində kriptobazarı silkələyib. Kriptovalyuta sektorunun “parlayan ulduzu” sayılan “Bitcoin”in qiyməti oktybarda rekord həddə çataraq 126 min dollar hədini aşsa da, son bir həftədə 30 min dollardan çox ucuzlaşaraq 90 min dollara enib.

Bazar iştirakçıları proseslərə ABŞ-ın Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətinin uçot dərəcəsinin təsirlərini də ehtimal edirlər. Onların qənaətinə görə, FES-in faiz endirimləri normal bazar konyukturasına uyğun yox, siyasi təzyiqlərə əsaslandığından maliyyə seqmentində bu halların yaranması normaldır. 

Xatıraladaq ki, FES oktyabrın 30-da faiz-uçot dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4 faiz aralığına endirib. FES-in bu addımı atmaqda əsas məqsədi aşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyaları təmin etməkdir. Ancaq son iki həftəlik bazar tədqiqləri yumşaq pul siyasətinin müsbət təsiredici rol oynamadığını göstərməkdədir, iqtisadi fəallıq göstəricisi hələ də zəif olaraq qalır. 

Ölkədə işsizlik sayı artdığından işsizlik müavinəti üçün müraciətlərin sayı da çoxalıb. ABŞ-ın Əmək Nazirliyinin məlumatına görə, son ayda işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 232 min nəfər olub. Bundan əvvəlki dövrdə göstərici nisbətən az olub - 218 min müraciət qeydə alınıb. Ümumilikdə, cari ildə işsizlik müavinəti almaqda davam edən amerikalıların sayı 1 milyon 957 min nəfərə yüksəlib.

Qızılın qiyməti də düşməkdədir

Makroiqtisadi göstəricilər investorlarda gələcək strateji planlaşdırma üşün mühüm əhəmiyyət daşıdığından onlar hazırkı şəraitdə blokçeyn bazarına ümidsiz yanaşmağa başalyıb. “The Daily Telegraph” nəşrin açıqlamasına əsasən, investorlar ABŞ prezidenti Donald Trampın Amerikanı “dünyanın kriptovalyuta paytaxtı” etmək ambisiyasına inamını itirərək kriptobazara sərmayə qoyuluşlarından geri çəkilməyə başlayıb.

 “SPI Asset Management” şirkətinin analitiki Stiven İnnesin sözlərinə görə, Tramp “rəqəmsal aktivlər sənayesində ralli yaratsa” da sürətli yürüş səngiyib, eyforik yüksəlişindən sonra “Bitcoin”in “partlayış ajiotajı” azalmaqdadır.”Bitwise Asset Management” şirkətinin baş investisiya direktoru Metyu Hoqan isə “Bloomberg”ə bildirib ki, pərakəndə kriptovalyuta sahəsindəki əhval-ruhiyyə olduqca mənfidir, İnvestorlar daha 50 faiz geriləmədən narahatdırlar.

Kriptovalyuta ilə yanaşı, birjalarda qızılın da ucuzlaşması müşahidə olunmaqdadır. 2025-ci ilin oktyabr ayında dünya birjalarında bu əlvan metalın bir troya unsiyasının qiyməti  4 min 225 dolları ötsə də, noyabrın ikinci ongünlüyündə qiymətlər hər gün geriləməklə 4076 dollara düşüb. Analitiklər hesab edirlər ki, qızıl 3900 dollar səviyyəsinədək düşəcək. Qlobal iqtisadi indikatorlardakı mənfi göstəricilərin və ABŞ Federal Ehtiyat Sisteminin siyasəti dəyərli metalın gələcək hərəkətinə ciddi təsir göstərəcəyini istisna etmir. 

Azərbaycanda kriptovalyutalar riskli hesab edilir

Azərbaycanda kriptovalyutalara monetar baxış konservativdir, blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.

Bundan başqa, kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Avropa və Asiya ölkələrinin bəzilərində milli  valyutalar dəyər itirməkdə davam edir. Ona görə də, “Bitcion”lara inteqrasiya indiki halada ölkəmizin monetar sektoru üçün də məqsədəuyğun deyil. 

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

2Sources