EN

Blender təhlükəsi: Maye qidalar körpələrdə boğulma refleksini məhv edir

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Püre ilə böyüyən uşaqlar sonradan çeynəməkdə çətinlik çəkirlər”

Uşağa blenderdən keçirilmiş yemək verməklə onu təhlükəyə sürükləyirsiniz. Medicina.az xəbər verir ki, bunu defektoloq-loqoped Esmira Qafarova bildirib. Onun sözlərinə görə, bu, uşağın artikulyar aparatında hərəkət mexanizminin pozulmasına, yaxud zəifləməsinə gətirib çıxarır:

"Nitq artikulyar aparatın fəaliyyəti nəticəsində yaranır. Dil, dodaq, diş, çənə, yanaq əzələlərinin nitqin axıcı, səlis olmasında rolu var. Yeməyi blenderdən keçirməklə həm onun artikulyasiya aparatının pozulmasına, həm də nitqinin gecikməsinə səbəb olacaqsınız". Həkim bununla bağlı riskləri də açıqlayıb. Bildirib ki, blenderdən keçirilmiş yeməklərin müntəzəm şəkildə uşağa verilməsi çeynəmə bacarığının gec inkişaf etməsinə səbəb olur. Uşaq 6–9 ay arası tədricən topalı, daha az üyüdülmüş qidalara keçməlidir. Qidanın hər zaman blenderlə tam maye edilməsi çeynəmə refleksinin inkişafını gecikdirər, ağız və çənə əzələlərinin zəif inkişafına səbəb olar, daha sonra bərk qidalara keçidi çətinləşdirə bilər. Blenderdən keçirilmiş yeməklərin uşaqların dil və nitq inkişafına zərərli təsirindən danışan həkim qeyd edib ki, çeynəmə ağız əzələlərinin güclənməsində böyük rol oynayır, amma yeməkləri daim maye püre halında qəbul etmək nitq mexanizminin inkişafına mənfi təsir göstərir. 

Pediatr Nurəngiz Hacıyeva Sherg.az-a açıqlamasında bildirdi ki, blenderdən keçirilmə və ya püre halında yeməklərin verilməsi uşağın yaş dövrünə uyğun dəyişir:

 - Tamamilə maye şəklində olan qidalar çox tez udulduğu üçün bəzən uşaqda boğulma reflekslərini düzgün öyrənməyə mane ola bilər. Keçid mərhələsi gecikəndə uşaq daha sonra topalı qidalara keçəndə çətinlik və boğulma qorxusu yaşaya bilər. Bəzi valideynlər istəmədən və səhvən belə düşünərək ki yumşaq yemək uşaq üçün daha yaxşıdır, tez həzmə gedəcək, udmaq rahatdır və sair, qidanı həddindən artıq sulu edirlər, bununla qidanın kalorisi, qida dəyəri də azalmış olur. Bu, körpələrdə zəif çəki artımına, sensor inkişafın məhdudlaşmasına səbəb ola bilər. Qida qəbul etməklə uşaq müxtəlif əşyalarla, müxtəlif materiallarla təmasa daxil olur və onları tanımağa başlayır. Məsələn, ağız koordinasiyası, dad fərqlərini tanıma kimi bacarıqlar qazanır. Blenderlə hazırlanmış qidalarsa bu təcrübəni məhdudlaşdırır. Körpənin 6 ayında əgər əlavə qidaya başlanıbsa, püre şəklində yeməklər normaldır. Mərhələlər üzrə getdikcə topalı, sonra kiçik yumşaq parçalı qidalara keçilməlidir. Qidanı tam maye yerinə azca dənəli pürelər şəklində verməyə başlamaq, 7-9 ay arasında tədricən daha parçalı qidalara keçmək, uşaq həkiminin təlimatlarına uyğun əlavə qida planı izlənməlidir. Çeynəmək qida qəbulunda iştirak edən bütün üzvlərin inkişafını təmin edir. 

N.Hacıyeva bildirdi ki, meyvə şirəsiylə bağlı xüsusi göstərişlər var: 

- Amerika Pediatrlar Assosiasiyasının məlumatına görə, meyvə şirəsində şəkər çox olduğundan onu təmiz şəkildə uşağa 1 yaşdan sonra tövsiyə edirlər. Odur ki, meyvələr 6 aydan püre şəklində rasiona daxil edilir. Püre şəklində daxil edilərkən meyvənin tərkibində olan sellüloza, liflər müəyyən qədər şəkəri neytrallaşdırır. Püre şəklində meyvələrin daxil edilməsi həm də erkən kariyesin formalaşmasının qarşısını alır. 8 aydan başlayaraq uşaqlara nəzarət altında banan vermək olar. Bu isə uşaqda çeynəməni, həm də nitqi artırır. Uşaqlara birbaşa meyvə şirəsi vermək doğru deyil. Bağırsaqda olan mikrofloranın qidalanması üçün meyvənin ləti lazımdır. Bağırsaq sağlam olarsa, uşağın beyni də yaxşı inkişaf edər. Meyvə şirəsi qlukogen indeksin yüksəldir. Odur ki, körpələrin sağlamlığı üçün şirəçəkən maşınlardan, məişət texnikasından uzaq olmaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
sherg.az

1Sources