EN

Büdcə layihəsi Zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır

2026-cı ilin büdcə layihəsi parlamentin plenar iclasında müzakirə edilib

Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Maliyyə naziri Sahil Babayev bildirib ki, müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərin beşinci ildönümünə təsadüf edir. Bu Qələbə məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilib. Bu gün təqdim edilən büdcə layihəsi də məhz Zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır.

Növbəti ilin büdcə layihəsi də tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur. Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də nəzərə alınır və Fitç agentliyindən sonra cari ildə “Moody`s” tərəfindən də Azərbaycanın suveren kredit reytinqi investisiya dərəcəsinə qaldırılıb.

Gəlirlərin əsas mənbəyi qeyri-neft sütunları olacaq

Sahil Babayev bildirib ki, 2026-cı il üzrə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur. Növbəti il üçün dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, gəlirlərin 57,4 faizi və ya 22,174 milyon manatı qeyri neft-qaz sektorunun, 42,6 faizi və ya 16,435 milyon manatı isə neft-qaz sektorunun payına düşür. Eyni zamanda, büdcədə vergi daxilolmalarının 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq. Bu, son 20 ildə ən yüksək səviyyədir. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1.876 milyon manat və ya 10,2 faiz az, qeyri neft-qaz sektorunun gəlirləri isə 2,129 milyon manat və ya 10,6 faiz çox olacaqdır. Nəticədə bu dəyişiklik büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq.

Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 78,1 faizini və ya 12 milyard 835 milyon manatını Dövlət Neft Fondundan (DNF) transfert, 21,9 faizini və ya 3 milyard 600 milyon manatını vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmalar təşkil edir. DNF-nin dövlət büdcəsinə transfertinin məbləği 2025-ci ilin səviyyəsindən 1 milyard 646 milyon manat və ya 11,4 faiz az proqnozlaşdırılır. Nazir bildirib ki, dövlət büdcəsinə neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşıda duran əsas hədəflərdən biridir. Bu baxımdan, tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması nəzərdə tutulur. Növbəti il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddi 19 faiz proqnozlaşdırılır. Bu da cari ilə nəzərən 3,4 faiz bəndi az olmaqla, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ildə bu nisbətin 13 faizə endirilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin mövcud 30 faiz səviyyəsində saxlanılması nəzərdə tutulur. Qeyd olunan hədəflər uzunmüddətli fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədlərinə xidmət etməklə, ölkəmizin qarşısında duran inkişaf gündəliyinin icrası üçün əlverişli platforma yaradacaq.

Büdcə xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılıb

2026-cı ilin dövlət büdcəsinin xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılıb. Bu, cari illə müqayisədə 296 milyon manat və ya 0,7 faiz, ötən illə müqayisədə isə 4 milyard manat və ya 10,6 faiz çoxdur. Büdcənin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan məqsədlərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s. tədbirlərin maliyyə təminatı üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub. Bu, ümumi xərclərin 8,4 faizinə bərabərdir.

Ümumilikdə, 2020-ci ilin sonundan etibarən azad ərazilərdə aparılan yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir.

Nazir vurğulayıb ki, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı da əsas prioritetlərindən biri kimi müəyyən edilib. Həmin xərclərin məbləği 8 milyard 714,8 milyon manat nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 318,5 milyon manat çoxdur.

Xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat olacaq

Maliyyə naziri vurğulayıb ki, 2026-cı ildə dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat məbləğində proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat və dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində təklif edilir.

Nazir qeyd edib ki, hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir. Borc portfelinin tərkibində dövlətin xarici borcu ümumi borc portfelinin 32,8 faizinə bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır. Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılıb, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artıb. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır.

Büdcənin 41 faizi sosialyönlü xərclərə yönəldiləcək

Sahil Babayev bildirib ki, gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Bu isə 2026-cı ildə də sosialyönlü xərclərin əsas prioritetlər sırasında olacağı deməkdir. Ortamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni, cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artıb. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.

Büdcədən təhsil və elm xərclərinə isə ayrılan vəsait 5,2 milyard manat nəzərdə tutulub. Bu, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli büdcə dövrü, yəni, 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaq. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqdki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir. Bütövlükdə gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur. Büdcədə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçünsə 1,2 milyard manat proqnozlaşdırılıb. Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə, o cümlədən subsidiyalara, kənd təsərrüfatı texnikası və avadanlıqlarına, habelə suvarma sistemlərinə güzəştlərə yönəldiləcək.

Qeyri-neft sektoru inkişafın əsas mənbəyinə çevrilir

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası davam etməkdədir. Son 5 ildə iqtisadiyyatın əsas inkişaf mənbəyi olan qeyri-neft-qaz sektorunun bütün sahələri artım nümayiş etdirib. Eyni zamanda, 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək, 3,4 milyard dolları olub, ixrac edilən əmtəə sayı 15 faiz artaraq 2810-a çatıb. Neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən bəri ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard dollar səviyyəsində sabitləşib. 2022-2024-cü illərdə xarici ticarət balansında isə Dövlət Neft Fondunun qızıl idxalı istisna olmaqla, orta illik hesabla 16 milyard ABŞ dolları məbləğində müsbət saldo olub. Qeyri-neft-qaz xidmətləri ixracı isə 45 faizədək artaraq 6,5 milyard dolları ötüb.

Nazir bildirib ki, son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin artımı vergitutma bazası genişləndirməklə, büdcənin gəlir və xərclərinin artımınə da təmin edib. Bu, eyni zamanda, əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin gəlirlərinin ən mühüm mənbəyi olan əməkhaqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artıb. Bu, vergi ödəyicilərinin  sayının artmasına səbəb olub, 2019-cu il yanvarın 1-i ilə müqayisədə 2025-ci il noyabrın 1-i tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb. Eyni zamanda, iş yerlərinin davamlı sayı artıb. 2019-cu il yanvarın 1-dən 2025-ci il noyabrın 1-dək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb.

Növbəti ildən gəlir vergisi üzrə dəyişikliklər barədə məlumat verən iqtisadiyyat naziri vurğulayıb ki, aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq. Belə  ki, qeyri-neft-qaz özəl sektorda əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb ediləcək, 2500 manatadək əməkhaqlarından gələn il 3 faiz, 2026-cı ildə 5 faiz vergi tutulacaq. Həmin gəlirlər 2028-ci ildə hətta 7 faiz dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14 faiz dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır.

Strateji valyuta ehtiyatları 82,5 milyard dollara çatıb

Azərbaycanın maliyyə-bank sektorunda müsbət dinamikanın qeydə alındığını bildirən Mərkəzi Bankın (MB) sədri Taleh Kazımovun sözlərinə görə, 2025-ci ildə qlobal iqtisadi mühit çox dəyişkən olub və bu dövrdə qlobal ticarətdə qeyri-müəyyənliklər əhəmiyyətli dərəcədə yüksəlib. Cari ildə qlobal iqtisadi artım nisbətən zəifləmiş və inflyasiya aşağı templərlə azalıb. Baş verən mənfi meyillərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlayaraq cari ilin 10 ayı ərzində iqtisadi artımın böyüməsinə nail olub. Bu dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub, bu sektorda ümumi daxili məhsul (ÜDM) 3,1 faiz böyüyüb. 2025-ci ilin sonuna ÜDM-in 2,2 faiz, 2026-cı ilin sonuna isə 2 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz ümumi daxili məhsulu isə bu ilin sonunda 3,7 faiz, növbəti ildə isə 4,4 faiz artımla fərz edilir.

T.Kazımov vurğulayıb ki, cari ilin ötən 10 ayında tədiyyə balansının əsas komponenti olan xarici ticarət balansı 2,4 milyard dollar müsbəti saldo səviyyəsində formalaşıb. Oktyabr proqnozlarına əsasən, cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin sonunda 3,7 milyard ABŞ dollar səviyyəsində formalaşacaq. MB sədri qeyd edib ki, ölkəmizin strateji valyuta ehtiyatları 16,2 faiz artaraq 82,5 milyard dollara çatıb. Bu göstərici tarixi maksimum olmaqla ölkəmizin iqtisadi gücünü və onun maliyyə dayanıqlılığını əks etdirir.

Büdcə sənədi Dayanıqlı İnkişaf Məqsədlərini əks etdirir

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğulayıb ki, 2026-cı il üçün dövlət büdcəsinə dair Palatanın rəyi büdcə sənədinin mövcud qanunvericilik aktlarına uyğun olmasını təsdiqləyir, nəzərdə tutulmuş gəlir və xərclər, habelə büdcə kəsirinin proqnoz göstəriciləri düzgün və tamdır. Bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə baxışlar dövlət maliyyəsinə nəzarət orqanının mövqeyini ifadə edir.

V.Gülməmmədov qeyd edib ki, büdcə layihəsi üzrə təqdim olunan sənədlərdə bəzi yeniliklər də tətbiq edilib. Belə ki, məlumatlılığın yüksəldilməsi istiqamətində müəyyən addımlar atılıb, sənədlərə ortamüddətli xərclər çərçivəsi ilə bağlı ümumi məlumatlar, habelə qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklərin layihələri daxil edilib, dövlət büdcəsi xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu barədə məlumatlılıq genişləndirilib. Palata sədri, bununla yanaşı, qarşıdakı illərdə fiskal diaqnostika alətlərinin tələbləri də nəzərə alınmaqla “Büdcə zərfi”nə daxil olan məlumatların siyahısının, çeşidinin və keyfiyyətinin artırılması, maliyyə məlumatlarının qeyri-maliyyə məlumatları ilə müşayiət edilməsi üçün addımların atılmasına zərurət olduğunu istisna etməyib. “Büdcə zərfi”ndə yalnız neftin qiyməti üzrə ssenarilər əsasında fiskal parametrlər şərh edilir, bu baxımdan iqtisadiyyatın qeyri neft-qaz sektoru, eləcə də inflyasiya üzrə risklər və ssenarilər barədə açıqlamalar verilməsi də təklif olunur.

E.CƏFƏRLİ

3Sources