EN

“Təəssüf ki, qrupdan çıxa bilmədik” – Elxan Məmmədov

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Maltada keçirilən oyunlarla bağlı danışıb.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında 13-cü qrupdakı ilk görüşdə Çexiyaya böyükhesablı məğlubiyyəti (1:6) rəqibin gücü və qırmızı vərəqə ilə əlaqələndirib:

“Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bunun da müəyyən səbəbləri var. Üç fərqli oyun keçirdik. Hələ turnirdən əvvəl qrupun favoriti Çexiya yığması hesab olunurdu. Onlar, həqiqətən də, yüksək səviyyədə çıxış etdiklərini göstərdilər. İlk matçı çexlərə qarşı keçirdik. Rəqib onsuz da güclü idi. Üstəlik, Hikmət Cəbrayılzadənin 75-ci dəqiqədə qırmızı vərəqə alması işimizi daha da çətinləşdirdi. Azlıqda qaldıqdan sonra 3 qol buraxdıq. Hikmət aparıcı futbolçularımızdan biri idi. Onun sonrakı iki görüşü buraxmasının da oyunumuza böyük təsiri oldu”.

E.Abdullayev Şimali İrlandiya (0:1) və Malta (2:1) ilə qarşılaşmaları da dəyərləndirib: “İkinci matçda Şimali İrlandiyaya məğlub olsaq da, onlarla başabaş mübarizə apardıq. Komandamız yaxşı oynadı, qol şansları yaratdı. Təəssüf ki, dəyərləndirə bilmədik. Maltaya qarşı son görüşü futbolçular yaxşı keçirdilər. Rəqib heç də zəif deyildi, üstəlik, öz meydanında oynayırdı. Bizim komandamızda isə yorğunluq var idi. Eyni zamanda ilk iki matçda məğlub olduğumuz üçün futbolçuların motivasiyası aşağı idi. Buna baxmayaraq, hətta hesabda geri düşdüyümüz halda özümüzdə güc tapdıq və qələbə qazandıq”.

O, komandanın ümumi çıxışından razı qaldığını deyib: “Ümumilikdə nəticədən olmasa da, komandanın çıxışından razı qaldım. Çünki futbolçular xarakter göstərdilər. Bu heyətin potensialı var. Sadəcə olaraq, uğurlu nəticə qazanmaq üçün klublarla birlikdə daha çox çalışmaq lazımdır”.

Chosen
12
6
idmanxeber.az

10Sources