ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 20 noyabr, AZƏRTAC
Bu gün dəyişən dünya nizamında ölkələr suverenlik və ərazi bütövlüyünün qorunmasının xüsusi əhəmiyyət daşıdığını yaxşı başa düşürlər. Gürcüstan və Ermənistan da bu prinsipə sadiqdirlər. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda müsbət dinamika müşahidə olunur”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşündə səslənib.
Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, görüşdə tərəflər yüksək səviyyəli səfərlərin tezliyinin Gürcüstan və Ermənistan arasında ənənəvi dostluğun göstəricisi olduğunu qeyd ediblər.
Müzakirələr zamanı Şalva Papuaşvili Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinin regionun gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Cənubi Qafqazda üç ölkənin - Gürcüstan, Ermənistan və Azərbaycanın sıx əməkdaşlığı bölgəni daha cəlbedici edərək yeni iqtisadi imkanlar yarada bilər. Siyasi sabitlik isə iqtisadi inkişafın əsasını təşkil edəcək.
Tərəflər üçtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsinin vacibliyinə toxunaraq, Gürcüstanın və Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini müzakirə ediblər. Bu kontekstdə Orta Dəhlizin region üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.