İyirmilik Qrupu (G20) ölkələrindən olan milyarderlərin sərvəti bir il ərzində 16,5 faiz artaraq 15,6 trilyon dollara çatıb.
Bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatı məlumat yayıb. “G20 milyarderlərinin cəmi bir il ərzində yaratdığı sərvət - 2,2 trilyon dollar 3,8 milyard insanı yoxsulluqdan çıxarmaq üçün kifayətdir”, - deyə təşkilatın mətbuat üçün məlumatında bildirilir.
“Oxfam” qeyd edib ki, bu il G20-yə sədrlik edən Cənubi Afrika Respublikasının (CAR) hökuməti qeyri-bərabərliyi 22-23 noyabrda keçiriləcək sammitin əsas mövzusu elan edib. Nobel mükafatı laureatı iqtisadçı Cozef Stiqlitsin başçılıq etdiyi ekspertlər qrupuna məsələ ilə bağlı hesabat hazırlamaq tapşırılıb. İqtisadçının fikrincə, dünya "qeyri-bərabərlik məsələsində fövqəladə vəziyyətlə” üzləşib.
“Bərabərsizlik düşünülmüş siyasi seçimdir. Varlıların rekord sərvət göstəricilərinə baxmayaraq, ictimai sərvət artmır və faktiki olaraq azalır, borc yükü isə artmaqdadır. Əgər CAR qlobal bərabərsizlik problemi üzrə yeni ekspert qrupu yaratsa, bu, fövqəladə böhranın həllində irəliyə doğru böyük bir addım olacaq. Biz bütün G20 ölkələrini CAR-ı dəstəkləməyə və bunu etməyə çağırırıq”, - deyə “Oxfam” beynəlxalq təşkilatının rəhbəri Amitabh Behar vurğulayıb.
Təşkilat, həmçinin G20 ölkələrini 2024-cü ildəki Rio-de-Janeyro sammitdə qrupun liderləri tərəfindən razılaşdırıldığı kimi, ultra-gəlirli şəxsləri vergiyə effektiv şəkildə cəlb etmək hədəfinə sadiqliyini yenidən təsdiqləməyə çağırıb. “G20-də toplanan verginin hər dollarının yalnız 8 senti bu gəlirin payına düşür”, – deyə təşkilat qeyd edib.
ZÜMRÜD