EN

Professor Erhan Özden: Musiqi sənəti türk millətinin əsrlər boyu formalaşdırdığı kimliyin mühüm daşıyıcısıdır

Bakı, 20 noyabr, AZƏRTAC

Türk incəsənəti, xüsusən musiqi sənəti tarixən yalnız əyləncə forması olaraq deyil, estetik düşüncənin, kimlik quruculuğunun və mədəni sabitliyin əsas sütunlarından biri kimi dəyərləndirilib. Musiqinin bu mədəni funksiyası sayəsində müxtəlif türk boyları özünəməxsus musiqi ənənələrini yaratmaqla yanaşı, ümumtürk mədəni kodlarını nəsildən-nəsilə ötürməyə müvəffəq olublar. Bu səbəbdən ənənəvi musiqinin sistemli şəkildə araşdırılması və qorunması bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru professor Erhan Özden I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda çıxışı zamanı deyib. O, türk xalqlarının bədii yaradıcılığa, xüsusilə musiqi sənətinə tarix boyu böyük dəyər verdiyini diqqətə çatdırıb. Bildirib ki, musiqi təkcə incəsənət sahəsi deyil, türk millətinin əsrlər boyu formalaşdırdığı kimliyin mühüm daşıyıcısıdır. Türk topluluqlarının müxtəlif coğrafi ərazilərə yayılmasına baxmayaraq, ortaq musiqi duyumu və “Türklük şüurunun” musiqidə əks olunması mədəni bütövlüyün qorunmasında mühüm rol oynayıb.

Professor Erhan Özden simpoziumun türk xalqlarının mədəni irsinin elmi müstəvidə müzakirəsinə imkan yaratdığını qeyd edərək, bu kimi tədbirlərin ortaq sənət irsinin gələcək tədqiqatlarına istiqamət verdiyini bildirib.

O, AMEA-nın Folklor İnstitutuna və tədbirin təşkilinə töhfə verən hər kəsə minnətdarlığını bildirib, simpoziumun Türk dünyasının musiqi mədəniyyətinin daha dərindən öyrənilməsinə töhfə verəcəyinə inamını qeyd edib.

Chosen
42
azertag.az

1Sources