EN

Bakıda qışa bel və kürəklə hazırlıq

Paytaxtda hər il eyni ssenari təkrarlanır: azca qar yağanda avtobuslar gecikir, əsas magistral yollarda qəzalar artır, taksi qiymətləri kəllə-çarxa çıxır...

Bakıda qış mövsümünə hazırlıqla bağlı rayon icra hakimiyyətlərində ard-arda müşavirələr keçirilib. Formal olaraq məqsəd eynidir: paytaxtın kommunal və təsərrüfat xidmətlərinin güclü qar və şaxtalı hava şəraitinə nə dərəcədə hazır olduğunu müəyyənləşdirmək. Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayaraq bildirib ki, iclaslara rayon xidmətlərinin rəhbərləri, təhsil müəssisələri, özəl sektorun təmsilçiləri və qurumların cavabdeh şəxsləri cəlb olunub.

İlk toplantılar Sabunçu, Xətai və Nizami rayonlarında keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də müşavirələrdə iştirak edib və hər rayona xüsusi olaraq cavabdeh şəxslər təyin olunduğu açıqlanıb. Bu şəxslər yerli icra strukturları ilə birlikdə qış mövsümünə hazırlığın vəziyyəti, verilən tapşırıqların icrasını yerindəcə yoxlayıblar. Protokollarda küçələrin qardan təmizlənməsi üçün texnikanın və əl alətlərinin - bel, kürək, ling, duz ehtiyatı və digər inventarın - tam hazır vəziyyətə gətirilməsinin zəruriliyi vurğulanıb.

1610788141_qar.jpg

Rəsmi məlumatda qeyd olunur ki, hər bir rayonda qışa hazırlıq qərargahları fəaliyyət göstərir, bu qərargahlar yağmurlu və şaxtalı günlərdə operativ işləməli, bütün kommunal və təsərrüfat müəssisələri üzərinə düşən öhdəlikləri icra etməlidir. Rayonda qardan təmizləməyə cavabdeh şəxslərin siyahıları hazırlanıb, tələb olunan hallarda yalnız kommunal texnika deyil, həm də idarə və təşkilatların, bələdiyyələrin və özəl sektorun mövcud texnikasının prosesə cəlb ediləcəyi bildirilib.

İclaslarda həmçinin Avropa ölkələrində tətbiq olunan təcrübəyə istinad edilərək şəxsi və təşkilatlara məxsus ərazilərin təmizlənməsində məsuliyyətin bölüşdürülməsi çağırışı edilib. Yəni ictimai iaşə obyektlərinin, şirkətlərin, məktəb və müəssisələrin qarşısının qarlı günlərdə özləri tərəfindən təmizlənməsi təşviq olunub. Məlumatlara görə, bu istiqamətdə həm bələdiyyələrə, həm sahibkarlara, həm də ictimaiyyət nümayəndələrinə xəbərdarlıq edilib.

Lakin məsələnin açıq qalan tərəfi budur: bu toplantılar illərdir keçirilir, hər mövsüm eyni tapşırıqlar verilir, inventar və duz ehtiyatının yaradıldığı bildirilir, amma qış gələndə mənzərə dəyişmir. Bakı sakinlərinin təcrübəsi göstərir ki, qar yağdığı günlərdə mərkəzi küçələr nisbi şəkildə təmizlənir, lakin şəhərin böyük hissəsi - məhəllələr, ara yollar, hündürmərtəbəli yaşayış komplekslərinin ətrafı, piyada səkiləri - saatlarla, bəzən günlərlə buz və qar altında qalır.

Qış aylarının ən ciddi problemi isə nəqliyyatın iflic olmasıdır. Paytaxtda hər il eyni ssenari təkrarlanır: azca qar yağanda avtobuslar gecikir, metro çıxışlarında sıxlıq yaranır, əsas magistral yollarda qəzalar artır, taksi qiymətləri kəllə-çarxa çıxır.
Bakıda qışa hazırlıqla bağlı müşavirələr, rəsmi çağırışlar, protokol qərarları həmişə çox olur. Problem bu sənədlərin mövsüm başlayanda necə icra olunmasıdır. Şəhər təsərrüfatının qış rejimini vaxtında aktivləşdirməsi üçün təkcə kürək, bel və duz ehtiyatı deyil, həm texnika parkının yenilənməsi, həm də operativ idarəetmə sistemi tələb olunur. Əks halda, Bakı yenə ilk güclü qara təslim olacaq və sakinlər üçün tanış olan xaos təkrarlanacaq.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, hazırlıqlara indidən başlamaq müsbət haldır. Onun sözlərinə görə, bundan əvvəlki illərdə hazırlıqlar qış aylarının ortalarında başlayırdı ki, bu isə əməli tədbirlərin gecikməsinə səbəb olurdu:

elmeddin45.jpg

“Lakin bir həqiqət də var ki, bu cür iclaslar və toplantılar qışın soyuq vaxtında səmərə vermir. Hansısa küçələr yaxşı təmizlənir, hansısa yollar isə yaddan çıxıb qalır. Bu iclaslar o zaman effektli olardı ki, havalar pisləşən zaman şəhər üzrə doğurdan da öz təsirini göstərsin. Qarlı havalarda insanlar yolda qalır, avtobus tapmır, saatlarla dayanacaqlarda gözləyirlər. Adətən bizdə hava pisləşəndən sonra hərəkətə keçib nəsə etməyi planlaşdırırlar. Halbuki buna qədər artıq qurumlar hazırlıqlı olmalıdırlar. Biz keçən il bu mənzərə ilə tanış olduq. Məsələn, Bakı-Şamaxı yolu keçən il buz bağladı və texnika çatdırıb buzu təmizləyə bilmirdi. Orada yol bir texnika ilə təmizlənir, bu isə yetərli deyil. Təsəvvür edin ki, yolu texnika açır və 20 dəqiqə sonra qar davam etdiyi üçün yenidən yol buz bağlayır. Bu müddətdə hərəkət etməyən nəqliyyat vasitəsi nəticədə buz bağlamış yolda qalır. Texnika isə yolun digər hissəsini təmizlədiyi üçün çatdırmır. Halbuki 20 dəqiqəlik fasilə ilə texnikalar xəttə buraxılmalıdır. Deyirlər ki, texnika yoxdur, ona görə də biri ilə idarə edirik. Niyə əvvəldən belə halı nəzərə almırlar? Hadisənin baş verməsini gözləməkdənsə, ona hazırlıqlı olmaq lazımdır. Bu problem Bakının bir çox yerlərində var. Paytaxtın əsas bir neçə küçəsi təmizlənir, yerdə qalan ara yollara isə toxunulmur. Sosial şəbəkə və platformalarda bu hal həmişə qınağa çevrilir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat” bildirib ki, aidiyyəti qurumlar qışa hazırlığa səthi yanaşırlar:

photo_229804-1.jpg

“Hər il bu işə məsul olan şəxslər düşünür ki, bu qış hava yaxşı keçəcək və nə quma, nə də duza ehtiyac qalacaq. Ona görə də hazırlıqlar, sadəcə, görüntü xarakterli olur. Biz mətbuatdan hər il oxuyuruq ki, belə hazırlıqlar görülür. Ancaq elə ki, qar və yağış yağdı, işin əsl üzü ortaya çıxır. Belə çıxır ki, hər şey sənəd üzərindədir, reallıqda isə heç nə yoxdur. Bakıya təsadüfən qar və ya güclü yağış yağanda nəqliyyat iflic olur, həyat dayanır. Mən qış vaxtı Rusiyanın Maqadan şəhərində olmuşam. Orada şaxta 48 dərəcə idi və qar olmayan yer yox idi. Lakin nəqliyyat infrastrukturu saat mexanizmi kimi çalışırdı. Bu o demək deyil ki, onlar bizdən qabiliyyətlidir, sadəcə olaraq, buna məcburdurlar. Bilirlər ki, qar yağsa və heç bir iş görməsələr, həyat onlar üçün dayanacaq.

Doğrudur, Azərbaycan mülayim iqlim qurşağında yerləşir və kəskin hava şəraiti onun iqliminə çox da xarakterik deyil. Lakin bu o demək deyil ki, qar və yağış yağmayacaq. 2008-ci ildə o vaxtki icra başçısı Hacıbala Abutalıbov yanvar ayında iclas keçirmişdi. Orada mən də var idim. O, iclasda belə bir ifadə işlətdi: “Yoldaşlar, Bakıya gözlənilmədən qar yağdı”. Mən ucadan güldüm. Yanvar ayında Azərbaycanda qarın yağması niyə gözlənilməsin ki?! Bax, indi də bu prinsiplə işləyirlər. Qış ayı gəlir, amma çovğuna hazırlıqsız olurlar".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Chosen
83
musavat.com

1Sources