İndiyədək D-8 təşkilatı səkkiz ölkədən ibarət idi. Lakin Azərbaycanın daxil olması bütün sistemə yeni güc verib.
Bu sözləri Banqladeş İnformasiya və Yayım Nazirliyinin baş katibi Nur Məhəmməd Mahbubul Haq AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
“Banqladeşdə çoxlu sayda dezinformasiya ilə qarşılaşırıq. Bildiyiniz kimi, bu yaxınlarda Banqladeşdə etirazlar və hökumət dəyişikliyi oldu. Ölkədə hazırda müvəqqəti hökumət var. Lakin bir çox dezinformasiya vasitəsi Banqladeşdəki siyasi prosesi pozmağa çalışır. Biz feyk xəbərləri müəyyən etməklə buna qarşı mübarizə aparmağa səy göstəririk”, - deyə baş katib qeyd edib.
Onun sözlərinə görə, media orqanları artıq heç bir sərhəd tanımır. “Bu məsələdə müxtəlif ölkələr arasında əməkdaşlıq əhəmiyyətli rol oynayacaq. D-8-in üzvü olan Azərbaycan, şübhəsiz ki, bu əməkdaşlığın inkişafına böyük töhfə verə bilər”, -deyə o vurğulayıb.