EN

Misirli ekspert: Azərbaycan D-8 təşkilatının fəaliyyətinə yeni təkan verib -  MÜSAHİBƏ

Bakı, 21 noyabr, Leyla Muradzadə, AZƏRTAC

“Mən hesab edirəm ki, Azərbaycan D-8 təşkilatının fəaliyyətinə yeni təkan verir. Azərbaycanın Media Mükəmməlliyi Mərkəzinin yaradılması təklifi olduqca ağıllı bir fikirdir. Bu, təəccüblü deyil, çünki Bakı həmişə mədəniyyət və yaradıcılıq mərkəzi olub. Media forumu beyin fırtınası mərkəzinə çevrilə bilər. Bunu illik tədbirə çevirməliyik. Onun başa çatmasından sonra əlaqəni itirməmək vacibdir. Mütəmadi onlayn görüşlər keçirmək və aktiv məlumat mübadiləsi aparmaq lazımdır”.

Bu fikri televiziyada rəqəmsal transformasiya üzrə misirli ekspert Haytam Mohamed Savi Dardir AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.

Onun fikrincə, media ənənəvi və yeni media arasında körpü qurmalıdır: “Onlar bütün yeni texnologiyalardan - süni intellekt, rəqəmsal transformasiya və ya mobil jurnalistikadan alternativ kimi deyil, alət kimi istifadə etməlidirlər. Jurnalistika bütün bu proseslərin təməli olaraq qalır. Süni intellektdən və rəqəmsal transformasiyadan istifadə mənim kimi aparıcı və ya sizin kimi jurnalist işləmək ehtiyacını aradan qaldırmır”.

O, bildirib ki, bu proses tədricən olmalıdır. “Süni intellektin mediaya hər hansı müdaxiləsi qanunla, eləcə də müəllif hüquqları ilə təsbit olunmalıdır. Bu, mediaya nəzarət üçün “etika kodeksi” kimi bir şey olmalıdır. Bu, bir az yavaş ola bilər, amma gələcəkdə bütün xəbərlərə nəzarət etməyə bizə kömək edəcək”, - deyə agentliyin həmsöhbəti qeyd edib.

Ekspert diqqətə çatdırıb ki, media forumu çərçivəsində Misir nümayəndə heyəti ilə Azərbaycan televiziya şirkətinin rəsmi nümayəndəsi arasında məhsuldar görüş baş tutub: “Biz, həmçinin məzmun, sənədli filmlər kitabxanası, proqram ideyaları və yazışmalar mübadiləsi, eləcə də birgə istehsal-prodüsserlik barədə razılığa gəlmişik”.

Chosen
40
1
azertag.az

2Sources