EN

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Qahirə, 22 noyabr, AZƏRTAC

Misirin “əl-Mısriyyə” televiziya kanalında yayımlanan “əl-Muntədə əl-dauli” verilişinin növbəti buraxılışı Azərbaycan xalq musiqisinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, verilişin qonağı olan Heluan Universitetinin musiqişünaslıq fakültəsinin müəllimi dr. Mona Zidan Azərbaycanın xalq musiqisi barədə danışıb.

Musiqinin xalqlar arasında mədəni əlaqələrdə və yaxınlaşmada körpü rolu oynadığını qeyd edən M.Zidan Azərbaycan musiqisini tədqiq etmək qərarına gəlməsini belə izah edir: “Azərbaycan musiqisi özünəməxsusdur. Orada Şərq musiqisi ənənələri vardır. Bizim musiqilərlə yaxınlıq əlaqələrini üzə çıxardım. Məhəmməd Əbdülvəhhab, Seyyid Dərviş yaradıcılığı ilə müqayisələr apardım. Fikrət Əmirov yaradıcılığında ərəb motivlərinə müraciət edib”.

M.Zidan Azərbaycan musiqisini elmi cəhətdən dərindən və hərtərəfli tədqiq edən ilk ərəb və misirli musiqişünas olduğunu bildirib. “Ərəb, o cümlədən Misir musiqişünasları, əsasən şərq və klassik Avropa musiqilərini öyrəniblər. Amma zəngin Azərbaycan musiqisi ərəb tədqiqatçıların diqqətindən kənarda qalıb. Mən mənbələri araşdırdıqdan sonra gördüm ki, Azərbaycan musiqisinin tarixi dərindir və öyrənilməlidir. Bu məqsədlə magistr, sonra doktorluq dissertasiyamda Azərbaycan musiqilərinin Misir musiqiləri ilə əlaqələrini tədqiq etdim”, - deyə əlavə edib.

Misirli musiqişünas alim vurğulayıb ki, 2008-dən 2016-dək Naxçıvan və Bakıda təhsilini davam edib. Azərbaycan dilini öyrənib, bu dildə təhsil alıb. Azərbaycandan ölkəsinə qayıtsa da, dostluq əlaqələrinin qaldığını bildirən musiqişünas Azərbaycanın Misirdəki səfirliyinin tədbirlərində iştirak etdiyini qeyd edib. Diqqətə çatdırıb ki, o, həmçinin Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvüdür. Bu Cəmiyyətdə təkcə misirlilərə deyil, əcnəbi tələbələrə ödənişsiz əsaslarda Quran, məqamə sənəti, müxtəlif sənətlər, Azərbaycan və ərəb dilləri öyrədilir. Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Qahirədəki Dostluq cəmiyyəti mədəni mübadilə sahəsində mühüm körpülərdən biridir.

Verilişin sonunda M.Zidan “Sarı gəlin” mahnısını ifa edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
2
azertag.az

3Sources