EN

Ukrayna üçün 28 bəndlik tələ, yoxsa... 

Zelenski Trampla razılaşmağa məcburdur

ABŞ-ın Ukrayna böhranının həlli üçün 28 bəndlik həll planı hazırladığı haqda KİV-də məlumat yayılıb. Hətta prezident Trampın onu təsdiqlədiyi deyilir. Sənəd rəsmən açıqlanmasa da, məlumatlara görə, layihədə daha çox Kiyevdən güzəşt tələb olunur (Donbasın tam Rusiyaya verilməsi, ordunun sayının iki dəfə azadılması, NATO-ya üzvlükdən imtina, rus dilinin və rus kilsəsinin statusu və s.).

Rusiya və ABŞ tərəfindən Ukraynadan xəbərsiz hazırlandığı deyilən planın yeni versiyasına görə, Zaporojye və Xerson istiqamətindəki cəbhə xətti dondurulacaq, lakin bəzi ərazilər Rusiya tərəfindən Ukraynaya qaytarılacaq. Ağ Ev belə düşünür ki, müharibə davam edərsə, Ukrayna onsuz da bu ərazini itirəcək. Ona görə də Ukraynanın maraqlarına uyğun olan - hazırda razılaşmaya nail olmaqdır. 

Bildirilir ki, sülh planına əsasən, Donbas əraziləri Rusiyanın nəzarəti altında olsa da, onları demilitarizasiya zonası elan edəcəklər və Rusiya orada qoşun yerləşdirə bilməyəcək: “Putinin Rusiya konstitusiyasına daxil etdiyi Xerson və Zaporojye vilayətlərinə gəldikdə isə, oradakı nəzarət xətləri ”dondurulacaq".

Plana əsasən, ABŞ və digər ölkələr Krım və Donbası Rusiyanın suveren ərazisi kimi tanıyacaq, lakin Ukraynadan bunu tələb etməyəcəklər.

Lakin Moskva da belə bir planın mövcud olduğunu rəsmən təsdiqləməyib.    

Bu arada Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin həlli üçün təklif olunan planda Donbas üçün “icarə mexanizmi” təklif olunur. İddialara görə, Rusiya minerallarla zəngin bölgəyə nəzarət üçün Ukraynaya maliyyə kompensasiyası ödəyəcək. Yəni qanuni olaraq, Donbas faktiki olaraq Rusiya tərəfindən idarə olunsa da, Ukraynanın bir hissəsi olaraq qalacaq.

Bəs Tramp planı reallaşa bilərmi? Məhz bu ərəfədə V.Zelenskinin Türkiyə səfəri hansı məqsəd güdürdü?

Qeyd edək ki, haqqında danışılan plan Rusiyaya ciddi güzəştlər səbəbindən ABŞ Konqresindəki Ukrayna tərəfdarları üçün də gözlənilməz olub və narazılıq yaradıb. Eyni zamanda, onun reallaşacağına ciddi şübhələr var.  Nəticə necə ola bilər?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında deyib ki, ABŞ mediasında yer alan xəbərlərə inansaq, Ukrayna prezidenti Volodimir Zelenski də Tramp tərəfindən xeyir-duası verilən bu 28 maddəlik sülh planı ilə artıq razılaşıb: “Adı açıqlanmayan ukraynalı məmur ”Axios" nəşrinə bildirib ki, Pentaqon rəsmisi Zelenskiyə planın yazılı surətini verib, Ukrayna prezidenti isə sənədin imzalanması üçün nəzərdə tutulan “sıx qrafiklə” razılaşıb. Mənbənin iddiasına görə, görüş zamanı “planın şok təfərrüatlarına” baxmayaraq, Ukrayna liderinin buna reaksiyası əsasən yumşaq olub. Həmçinin məlum olub ki, Daniel Driskollun nümayəndə heyəti əvvəlcə hərbi texnologiya və strategiyanı müzakirə etmək üçün Kiyevə getməyi planlaşdırıb, lakin sonra Ağ Ev ondan ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və dövlət katibi Marko Rubionun adından Zelenski ilə “danışıqların başlanmasına” kömək etməsini istəyib.

Ukrayna tərəfi 28 maddəlik plan barədə konkret fikir bəyan etməsə də, Zelenkinin mövzu ilə bağlı açıqlamaları “Axios”un iddialarını təsdiqləyir. Zelenski bildirib ki, ABŞ-ın ordu katibi Daniel Driskoll ilə görüşüb və onunla həqiqi sülhə nail olmaq variantlarını, işin mərhələlərini və dialoq formatlarını, həmçinin diplomatiya üçün yeni təkanlarını müzakirə edib. “Komandalarımız - Ukrayna və ABŞ - müharibəni bitirmək planı üzərində işləyəcəklər. Biz konstruktiv, dürüst, operativ işə hazırıq”, - deyə Zelenski əlavə edib".

İddialara görə, Zelenski həmçinin Driskollun diqqətinə çatdırıb ki, Rusiya bir gün əvvəl Ternopol şəhərinə Kh-101 raketləri ilə hücum edib. Hücum zamanı atılan və bir hündürmərtəbəli binanı yerlə yeksan edən raketin 2025-ci ildə istehsal olunduğu müəyyənləşdirilib. Raketin 175 hissəsi xarici komponentdən ibarət imiş və onlar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozaraq Rusiyaya keçirilib. Məlumatda konkret olaraq hansı xarici dövlətdən söhbət getdiyi bildirilməyib. Amma böyük ehtimalla, həmin xarici dövlətlər arasında NATO üzvləri, bəlkə də ABŞ da var. Belə çıxır ki, Ukraynanın müttəfiqi sayılan Qərb dövlətləri sözdə guya Rusiyaya qarşı sanksiyalar tətbiq edir, əslində isə ona gizli yollarla ən müasir silahların komponentlərini verirmişlər. Əks halda, həmin komponentlər yalnız Rusiyanın müttəfiqləri olan ölkələr tərəfindən verilsəydi, Zelenski buna heyrətlənməz və yəqin ki bu təfərrüatı Pentaqon yetkilisinin diqqətinə çatdırmazdı".

Heydər Oğuzun fikrincə, bütün bu ayrıntılar Ukraynanın kürəyini söykədiyi Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın nə qədər məkrli siyasət yürütdüyünü bir daha təsdiqləyir. 

Siyasi şərhçi onu da vurğulayıb ki, bir çox Ukrayna analitikləri ABŞ tərəfindən hazırlanıb rəsmi Kiyevə təqdim olunan bu sülh planını açıq şəkildə kapitulyasiya aktı kimi qiymətləndirir və Ukraynanın milli maraqlarının nəzərə alınmadığına inanırlar: “Bildirilir ki, planın yaradılmasında bir sıra ABŞ və Rusiya rəsmilərinin əli olub. Onun ərsəyə gəlməsinə Moskva tərəfdən Kirill Dmitriev dəstək verib. ABŞ tərəfindən isə Stiv Vitkof, Marko Rubio, J.D. Vans və Trampın yəhudi kürəkəni Jared Kuşner də daxil olmaqla mövcud administrasiyanın hardasa ən aparıcı fiqurları yer alıb. Görünən budur ki, Ukrayna üçün birmənalı qarşılanmayan sülh planı ABŞ və Rusiya rəsmilərinin birgə səyləri ilə hazırlanıb. Plan təkcə Rusiyanın işğal etdiyi ərazilər öz əlində saxlamasını deyil, həm də Kiyevin tərksilah edilməsini nəzərdə tutur. Sənəd həmçinin Ukraynanı Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməyə çağırır. Məhz bu baxımdan onu tam təslimiyyət aktı kimi qiymətləndirənlər haqsız deyillər.

Bəs, Zelenski bu sənəd lahyihəsi ilə niyə razılaşıb?

Həmsöhbətimizin fikrincə, bunun bir neçə səbəbi var: “Əvvəla, Zelenski də anlayır ki, bu zamana qədər sözdə Ukraynanı dəstəkləyən Qərb dövlətləri onlardan gözlənilən əzmi axıra qədər göstərmək əzmində deyillər. Ən kritik anda Ukraynanı Rusiya qarşısında yalnız buraxıb geri çəkilə bilərlər. Əslində Qərb ölkələri üçün Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini qoruması da önəmli deyil. Önəmli olan Rusiyanın bu müharibədə tükəndirilməsidir. Amma məsələ burasındadır ki, müharibə təkcə Rusiyanı tükəndirmir. Həm də Rusiyadan insan resursları və silah gücü baxımından xeyli zəif olan Ukrayna da getdikcə tənəzzülə sürüklənir, insanları gün keçdikcə azalır və demoqrafik böhranla üzləşir. Müharibədən əvvəl, 2017-ci ildə 45 milyona yaxın əhalisi olan Ukrayna 2022-ci ildə Rusiya ilə ağır döyüşlərə atıldığından etibarən ”əriməyə" başlayıb. 2023-cü ildə Ukrayna əhalisi 42 milyona qədər düşdü. 2025-ci ildə bu rəqəm 28 milyona qədər enib. Hər gün minlərlə, on minlətlə insanın ölkədən qaçdığını nəzərə alsaq, müharibə bitənə qədər bu say 25 milyona qədər azala bilər. Üstəlik, getdikcə əriyən əhalinin böyük qismi Ukrayna iqtisadiyyatını dirçəltmə potensialına malik gənclərdən ibarətdir. Hesablamalara görə, Ukraynada 2021-ci illə müqayisədə əmək qabiliyyətli əhalinin sayı 40% “əriyib”. Bu isə müharibədən sonra da Ukraynada iqtisadi vəziyyətin düzəlməyəcəyinə işarədir.

İkincisi, Ukrayna özünün ən önəmli tərəfdaşını - ABŞ-ı itirmiş durumdadır. ABŞ nəinki Ukraynanı əvvəlki kimi dəstəkləmir, hətta Rusiya ilə məxfi danışıqlara girib onun maraqları əleyhinə sülh sazişi hazırlayır. 

Bir çoxları bunu Tramp hakimiyyətinin ənənəvi müttəfiqlərinə qarşı xəyanəti kimi qiymətləndirsələr də, əslində isə sözügedən mövqe dəyişikliyi yalnız hansısa hakimiyyətin yürütdüyü siyasətlə bağlı deyil. ABŞ II Dünya savaşından sonra təhvil aldığı supergüc vəzifəsini yerinə yetirə bilmir. Avropanı, Asiyadakı inkişaf etmiş sənaye ölkələrinin inkişafını artıq dəstəkləmək gücü qalmamışdı. Bu missiyanı yerinə yetirdikcə, hər il 3.5 trilyon dollar borclanırdı. 2025-ci ilin birinci yarısında 38 trilyon dolları keçən borc bataqlığından xilas olması üçün ABŞ bəzi xərcləri azaltmağa məhkumdur. Bu məqsədlə də ilk növbədə hərbi xərclərini azaltmalı, dünyanın müxtəlif bölgələrini başqalarına buraxmalıdır. Bildirildiyinə görə, Donald Trampın NATO alyansındakı nümayəndəsi Metyu Uitaker bu yaxınlarda Almaniya rəsmiləri ilə danışıqlar apararaq “qoca” qitədəki funksiyasını Berlinə həvalə etməyə çalışmışdı. Yaxın Şərqdə isə bu missiyanı Türkiyəyə və Səudiyyə Ərəbistanının öhdəsinə buraxmağı düşünür. Yəqin ki, Uzaq Şərqdə də bu missiyanı Yaponiya və Cənubi Koreyaya həvalə edəcək. Özü isə Amerika qitəsinə çəkilərək xüsusilə qitənin cənub hissəsinə tam nəzarət altına almağa çalışacaq. Sözsüz ki, könüllü izoliyasiya siyasətinə getməyi planlaşdırdığı bir zamanda onun Ukraynanı dəstəkləmək kimi bir qayğısı da qalmayıb.

Üçüncüsü, ABŞ özünün ən ciddi rəqibi kimi gördüyü Çinlə rəqabətdə Rusiyanı da öz yanına almaq istəyir. Bunun üçün də Moskvaya hansısa həvəsləndirici güzəştlər verməyə məhkumdur. Rusiya üçün ən yaxşı hədiyyə isə Ukrayna ola bilər".

Heydər Oğuzun fikrincə, son zamanlar Ukrayna prezidenti Volodimir Zelenski ətrafında korrupsiya qalmaqalının ortaya çıxması və getdikcə geniş vüsət alması da bu mənada təsadüfi sayıla bilməz: “Məlum olduğu kimi, Ukraynanın müstəqil istintaq qrupu sayılan NABU-nun bu çalışmaları ABŞ-ın nüfuzlu daxili kəşfiyyat və hüquq-mühafizə orqanı kimi tanınan Federal Təhqiqatlar Bürosu tərəfindən dəstəklənir. Sözsüz ki, FBI-nin bu istiqamətdə apardığı çalışmaların əsl hədəfi Ukraynanı korrupsiyadan təmizləmək deyil. Əksinə, Zelenski hökumətini çətin faktlar qarşısında qoyaraq, onu öz iradəsinə tabe etdirməkdir. Zelenski Trampın ”sülh" təkliflərini rədd etməkdə israrlı olarsa, daha ağır ittihamlar ortaya saçılacaq. Mümkündür ki, Zelenski də məhz bu ehtimalı nəzərə alıb Tramp hakimiyyətinin mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb. Əgər həqiqətən də belədirsə, yaxın zamanlarda rəsmi Kiyevin ona təlqin olunan “sülh” təkliflərini həyata keçirməyə başladığı barədə məlumatlar alacağıq".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Chosen
100
50
musavat.com

10Sources