EN

D 8 Media Forumu Azərbaycanın informasiya və media sahəsində strateji rolunu təsdiqləyir ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 22 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin D-8 Media Forumuna ünvanlandığı müraciət Azərbaycanın yeni üzvü olduğu bu platformada informasiya və media əməkdaşlığı mövzusunu önə çıxarmaqla, ölkənin yalnız iqtisadi deyil, həm də kommunikasiya diplomatiyası sahəsində fəal oyunçuya çevrilmək niyyətini nümayiş etdirir. Müraciətdə həm təşkilatın genişlənməsinə Azərbaycanın verdiyi önəm vurğulanır, həm də Azərbaycanın bu quruma daxil olmasının regional və qlobal əməkdaşlıq üçün yeni impuls yaratdığı göstərilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev söyləyib.

Onun sözlərinə, müraciət 3 əsas strateji xətdən ibarətdir və bu xətlər Azərbaycanın D-8 çərçivəsindəki mövqeyini möhkəmləndirmək, əməkdaşlığı gücləndirmək və perspektivlər üçün strateji baxışını ortaya qoymaq məqsədi daşıyır.

“Birincisi, Azərbaycanın D-8-də yeni rolu. D-8-in tarixi boyunca ilk genişlənmə qərarı – Azərbaycanın üzvlüyə qəbul edilməsi, sözsüz ki, ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Prezident vurğulayır ki, Azərbaycan artıq təkcə enerji infrastrukturu ilə deyil, həm də kommunikasiya, nəqliyyat və diplomatik təşəbbüsləri ilə qlobal əməkdaşlığın aparıcı iştirakçısına çevrilir. Bu, daha bir forum auditoriyasına ünvanlanmış regionda liderlik siqnalıdır.

İkincisi, media təhlükəsizliyi və qlobal çağırışlar haqqında xəbərdarlıq. Müraciətin ən həlledici hissəsi, məncə, buradadır. Azərbaycan qlobal informasiya məkanında baş verən transformasiyanın risklərini dərindən təhlil edib və müəyyənləşdirib ki, dünya mediasının ən böyük problemləri məhz dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “Deepfake” texnologiyaları və əlbəttə ki, süni intellektdən sui-istifadə hallarıdır. Bu kontekst Prezidentin müraciətinə geosiyasi informasiya təhlükəsizliyi çaları verir. Müraciətin bu hissəsi, D-8 ölkələrinin media əməkdaşlığı üçün bir növ "ortaq təhlükəsizlik konsepsiyası"nın konturlarını müəyyən edir. Bu sahədə birgə əməkdaşlıq üçün müraciət üzv ölkələrə daha bir vacib çağırış oldu.

Müraciətin üçüncü - sonuncu strateji xətti Azərbaycanın üzv dövlətlərə alternativ və etibarlı media əməkdaşlığı üçün irəli sürdüyü təkliflərdir. Bunlar D-8 ölkələri arasında daha sıx təcrübə mübadiləsi, ortaq informasiya platformalarının yaradılması, üzv ölkələrin etibarlı media şəbəkəsi formalaşdırması və hər birinin bu sahəyə dəstək göstərməsidir. Əlbəttə ki, bu, xüsusilə üzv ölkələrin bəzilərində Qərb media platformalarından asılılığı azaltmaq baxımından strateji bir yanaşmadır”, - deyə jurnalist vurğulayıb.

O bildirib ki, müraciətdə medianın mühüm geopolitik konteksti də forum iştirakçılarına çatdırılır. Göstərilir ki, indi media yalnız informasiya ötürmə vasitəsi deyil, artıq həm də beynəlxalq münasibətləri formalaşdıran, ictimai rəyə təsir edən, iqtisadi inkişafı sürətləndirən hər bir ölkənin strateji resursudur. Prezidentin bu yanaşması isə Azərbaycanın informasiya diplomatiyasına verdiyi dəyəri bir daha təsdiqləyir. Bundan başqa, Azərbaycanın milli mediasının inkişafı, jurnalistlərimizin peşəkarlığının artırılması, faktlara əsaslanan xəbər siyasəti, media savadlılığının gücləndirilməsi istiqamətində atılan addımlar və beynəlxalq media tədbirlərinə ev sahibliyi etməyimiz də xüsusi vurğulanır.

“Sözsüz bu da Azərbaycanın məsuliyyətli media ekosistemi quraraq region üçün model ölkə kimi özünü göstərmək strategiyasıdır. Yekunda demək istərdim ki, bu müraciət həm diplomatik, həm də kommunikasiya baxımından yüksəksəviyyəli, içərisində həm siyasi, həm də institusional mesajları olan təsirli nitqdir. Forumda iştirak edən hər bir iştirakçı da Azərbaycanın əsas təşəbbüskarı olduğu D-8 Media Forumunun gələcəyi ilə bağlı çox güclü təəssürat yaratdı”, - deyə A.Mirzəyev əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
azertag.az

2Sources