EN

Düdənginskini, Banderanı və Putini nə birləşdirir?..

Lap uzaqdan başlayacam. Dünyanın digər regionları kimi Cənubi Qafqazda da “suların tam durulması” üçün hələ vaxt tələb olunacaq: üç bölgə dövləti və cəmiyyətləri əvvəlcə geosiyasi, daha sonra isə siyasi seçimini etməlidir.

Belədəsə, təkrar deyirik ki, hansısa fors-major baş verməsə, hər şey yaxşı olacaq. Hələlik bizim Cənubi Qafqazda simvolik geosiyasi hesab  2:1 Qərbin xeyrinədir.

Təəccübülüsü budur ki, indi regionda Qərbin daha çox Gürcüstanla problemi var, daha doğrusu, Brüssel İvanişvili və dəstəsilə barışmaq istəmir.

Amma İvanişvili komandasının da hələ Rusiyayla bağlı ciddi planları yoxdur, onlar da ABŞ və Avropayla münasibətləri yoluna qoymaqçün cəhdlər edirlər: əlbəttə, özünəməxsus tərzdə.  

Mümkündür ki, oliqarx İvanişvilinin Kremllə hansısa sıcaq münasibətləri var və bundan xəbərsizik, amma “Gürcü arzusu” da artıq neçə illərdir hakimiyyətdədir və kiçik epizodları çıxmaqla Tiflisin Moskva siyasətində kardinal dəyişiklik yoxdur və bizə elə gəlir, Gürcüstanda məsələ daha çox hakimiyyət məsələsidir: avrointeqrasiya kursu konstitusiyada qalır, İrakliy Kobaxidze az qala, hər həftə ölkəsinin 2030-ci ildə Avropa İttifaqına üzv olacağını deyir, Trampın Gürcüstanla bağlı siyasətdə də yenilik edəcəyinə ümid bəsləyir.

Ötən həftənin sonlarında hətta deyildi ki, hakim partiya da Brüsselin Gürcüstanla bir il əvvəl danışıqları dayandırmasına etiraz kimi aksiyalar keçirməyi planlayır.   

Ən maraqlısı nədir? Rusiyalı analitiklər məəttəl qalıb ki, necə olur, qərbyönümlü əhali “rusyönmülü” İvanişvili dəstəsinə səs verir? Məncə, iki məqam var.

Gürcülər hər şeyi başa düşür. Əvvəldə dedik ki, hələki “Gürcü arzusu”nu da şərti olaraq “rusyönümlü” adlandırmaq olar, onlar da Rusiya səmtində hansısa ciddi addım atmayıb, düşünürük atmayacaqlar da!

Sadəcə, adi insanlar siyasətdə idealist şəxsləri sevmir, onlardan ehtiyat edirlər və özləri üçün “daha anlaşıqlı” olan siyasətçilərə dəstək verirlər.

Vaxtilə Fransa sosioloqlarının bir yazısında oxumuşdum ki, bəs fransızların əksəriyyəti düşüncəcə mülkiyyətçi, qatı kapitalist, sağçı olsa da, bir də görürsən, özlərini sağçı siyasətçilərin çox radikal qərarlarından sığortalamaqçün solçulara səs verirlər!

Məsələn, Saakaşvili qərbçi-demokrat kimi radikal idi və gürcü ziyalılarının bəzisi deyirdi guya, onun vaxtında evlərində rahat yata da  bilmirdilər!

Yox, düşünmürük Saakaşvili repressiv siyasət aparırdı. Sadəcə, orta statistik insanların çoxu, hamımız azacıq “meşşan” təbiətliyik, hər şeyə  məişət prizmasından baxmağı sevirik; oxucu sözümüzdən inciməsin....  

Post-sovet ölkələrinin bir xüsusiyyəti də var. Qərbdəki kim çox şey tamam durulmayıb, insanların hamısının işində - gücündə, həyatında ehtiyat etdiyi nəsə var. Qərb insanlarındakı kimi arxayınlıq yoxdur bu cəmiyyətlərdə: Qərbdə vergini ödədin, qanunları pozmadın, kefini çək!

Pos -sovet ölkələrinin çoxundasa qanunu pozmadan ya yaşamaq olmur, ya da hakimiyyət strukturları özləri sövq edir insanları buna: elə olur ki, insan qanuni haqlarını da rüşvətlə təmin edir!..          

O ki qaldı İvanişvili komandasına, Aİ ilə danışıqlar dondurulsa da gürcülər hələ də avropayönümlü ölkənin vətəndaşaları kimi hüquq və imtiyazlardan istifadə edir və həm də görürlər ki, hökumət özü də Aİ ilə inteqrasiya prosesinin bərpa olunacağına ümid edir, hətta buna çalışır.

Problem onda yaranacaqdır ki, Aİ Gürcüstanı və vətəndaşlarını indiyədək malik olduqları hüquq və imtiyazlardan məhrum etməyə başlayacaq: bax, o vaxt İvanişvili dəstəsi üçün çox çətin olacaqdır.

O gün oxuyuram, hakimiyyət xaricdə yaşayan vətəndaşların səs verməsini bir az da mürəkkəbləşdirmək istəyir, yəni müvafiq qanun qəbul olunsa, onlar Gürcüstana gəlib səs verməli olacaqlar, guya ki, bu adamlara başqa dövlətlər neqativ təsir edir!     

Saakaşvililə bağlı da demək istərdik. Deyirlər ki, guya o, indiyədək daha çox xəstəxanada olub, nəinki məhbəsdə.

Bugünlərdə məhbəsə qaytarıblar. Doğrusu, onun prezident Zelenskiyə  müraciəti bizi çox təsirləndirdi: Ukrayna prezidentindən özünün əsirlərin siyahısına salınmasını xahiş edirdi!..

Düşünürük, ondan siyasi rəqib kimi ehtiyat edilər. Əgər Saakaşvili oliqarx, korrupsioner olsaydı vaxtilə ukraynalı korrupsioner- oliqarxlarla dil tapardı! Belələri, təəssüf, hətta indi də, nə qədər desən, var orada!

Üstəlik, korrupsioner-oliqarx adam Gürcüstanda korrupsiyanı minimuma endirə bilərdimi? Nəhayət, axı gürcülər özləri vaxtilə deyirdi ki, M.Saakaşviliyədək mərkəzi hakimiyyət təkcə Tiflisi əhatə edirdi! Bəs nə tez unuduldu?

Saakaşvilinin Rusiyayla müharibəyə səbəb olmasına gəldikdəsə, Amerika filmində qəhrəman gözəl deyir: mən, heç olmasa, cəhd etdim!

Saakaşvili müharibə yoluyla qaytara bilmədi gürcü torpaqlarını. Buyurun, siz - “Gürcü arzusu” sülh yolu ilə qaytarın onları! Axı özünüz deyirsiz ki, guya Rusiyaya qarşı aparılan siyasət səhv olubdur. Buyurun, “düz siyasət”inizi nümayiş etdirin!

Adam seçkidə uduzduğunu qəbul edibdir. On illərdir ki, Cənubi Qafqazdakı, hətta bütün postsovet məkanındakı prosesləri izləyirik. İllərlə özünə “demokrat” deyib sinəsinə döyənləri çox gördük, di gəl, bu adamlar partiyalarının daxilində demokratik seçki keçirməyə imkan vermədilər! Üstəgəl, post-sovet ölkələrinin bir mərəzi də var: hər yeni prezidentin birinci qərarı özündən əvvəlkinə cinayət işi açmaq olar! Bəlkə buna görə bu ölkələrdə heç kim hakimiyyətdən getmək istəmir?..      

Saakaşvili prezident olub, milyonlarla insanın həyatı, təhlükəsizliyi üçün məsuliyyət daşıyıb. ABŞ–filan yana, hətta qardaş Türkiyədə sabiq nazirlərə belə “sayın bakan” deyə müraciət edirlər; əlbəttə, bunun üçün nazirlərin özləri də sayğılı olmalıdır, heç olmasa, çoxu...

İsrail məhkəmələri B.Netanyahuya korrupsiya ittihamı irəli sürüb. Prezident Tramp şaxsən iki dəfə İsrail prezidentinə müraciət edibdir (Saakaşvili üçün də müraciət edə bilməzmi?) ki, onu əfv etsin! Bu günlərdə Fransada da keçmiş prezident N.Sarkozi deyəsən, əvvəlcə həbs, sonra da azad olundu!

Saakaşvilinin haqqında Netanyahu kimi Beynəlxalq Cinayət Məhkəməsinin qərarı yoxdur, ona Sarkozi kimi fantastik korrupsiya ittihamı irəli sürülməyibdir. Üstəlik, adam həbsdə olsa da, hakim partiya  cəzasını artırmaqda davam edir! Belə şey olarmı?..

Ötən il Gürcüstanda rusyönümlülərlə qərbçilər arasında qarşıdurma yaşananda bizim media sferasında da mövqelər azacıq haçalanmışdı.

İl keçibdir, artıq yekunlaşdırmaq olar. Gürcüstandakı ötən ilki parlament, hətta builki munisipal seçkiləri də İvanişvili komandası udub, amma geosiyasi mənzərə Moskvanın xeyrinə dəyişmədi: təəccüblü olsa da İrəvandakı son proseslər də burada sözünü dedi.      

Azərbaycanla Rusiya arasında da yaxınlaşma-filan olmadı, əksinə Qərblə münasibətlər bir az istiləşdi, əsasən də ölkə türk dövlətləri istiqamətində inteqrasiya kursu götürdü və bu siyasət hazırda çox yüksək templərlə aparılır.

Ümid edirik nəticələr də çox gözlətməz. Ötən həftəsonu Azərbaycan prezidenti Özbəkistanda səfərdə idi. O ki qaldı türk dövlətlərinin səylərinə beynəlxalq münasibətə, bununçün yaxınlarda Vaşinqtonda baş tutan G1+5 formatındakı görüşü qeyd etmək yetər.

Fransaya gəldikdə, yenə deyirik, düzdür, o, hələ də Azərbaycanın dostu deyil, amma düşməni də deyil. Hər halda, Yelisey sarayı və Kreml fərqlidir, Parisin siyasətinə nəinki təsir etmək, dəyişmək də mümkündür.

Bunu hamımıza vaxtilə rəhmətlik prezident Heydər Əliyev nümayiş etdirmişdi. Onun səyləri nəticəsində onda prezident Jak Şirak maksimum dərəcədə Bakı ilə İrəvan arasında paritet saxlamağa çalışırdı. 

Elə Makronla bağlı da deyirdik ki, əbədi deyildir, bir gün rədd olub gedəcək. Üstəlik, son vaxtlar, görün, nə baş verir? Prezident Makron bütün beynəlxalq tədbirlərdə Azərbaycan prezidentilə yeni münasibətlər qurmağa cəhd göstərir: bəli, şəxsən özü...

Əlbəttə, Qərbdə də səfeh planlar, guya ki, gələcək üçün hansısa “konspiroloji sxemlər” quranlar (bugünlərdə bir neçə fransız-erməni təşkilatının “suyu bulandırmağa” cəhd etməsi haqda xəbərlər gəldi!) hələ də tapılır, amma həlledici siyasi güc deyil onlar.

Qərb Bakıyla İrəvan, hətta İrəvanla Ankara arasında sülhün bərqərar olmasında maraqlıdır. Realistdirlər, başa düşürlər ki, İrəvanı Moskvadan qoparmağın, hətta erməni seçicilərinin onlardan umduqlarını həyata keçirməyin bircə yolu var: İrəvanın regional siyasətini dəyişmək, onun Bakı və Ankarayla münasibətlərini tamam yenilətmək!

Düşünülürdü Qərb Qafqazdan getməyi planlayır. Hələlik tam əksi müşahidə olunur. Zəngəzur layihəsi Moskvanın əlindən çıxandan sonra belə anlaşıldı ki, deyəsən, Putin də bununla barışmaq zorundadır: bunu da Düşənbə sammiti zamanı zənn etdik.  

Amma elə ötən həftə Moskvanın Bakıya qarşı törətdiyi növbəti insident müzakirə olundu. Söhbət Kiyevdəki səfirliyimizin vurulmasındandır.

Ruslar bunu da “faciəli təsadüf” adlandır. Olsun, heç nə demirik, gəl,  qeydi vacib bilirik: sizə elə gəlmirmi, son vaxtlar “təsadüflər” çoxalıbdı?

Amma böyük hesabla xeyri yoxdur, Rusiyanı növbəti qürub gözləyir, Ukraynadan da iki-üç bölgə qoparsa belə! Ötən səksəninci illərin əvvəllərində hətta Qumilyov deyirdi bunu, amma inanmırdılar. Ardınca  “perestroyka”ları oldu, çox şey itirildi, yenə də inanmadılar!  

İndi də Putin başa düşmür ki, Rusiyanın Dünyada təzədən önə çıxması üçün təkcə rusların hamısının ölümə hazır olması azdır. Lap riyaziyyatda deyilən kimi; bəlkə də zəruridir, amma kafi deyil...

Putin axmaq taktika seçib. Dünyanı hədələməklə, bizim dildə desək, “özünü dəliliyə vurmaqla” daim nəsə qoparmaq! Amma əbədi davam edə bilməz bu,  bir gün hamı bezəcək və onda nə baş verəcəkdir, bunu artıq nəinki Boq, heç Allah da bilmir!

Əlbət, Qərbin də böyük səhvləri var. Bir tərəfdə KQB-çi, qarşıdasa pul saymaqdan başqa şey bilməyən biznesmen! Çörçill heç,  Reyqan da artist idi, biznesmen deyildi! Bir cümləylə açıqlayacam bunu-biznesmen qardaşlarımız inciməsin.

İkincisi, niyə əlli il əvvəl Qərbin sanksiyaları təsirli olurdu, amma indi yox? Özləri deyirlər ki, guya,  sanksiyalarda boşluqlar var, ruslar bundan istifadə edir! Siz yazmırsınızmı onları? Elə yazın ki, “boşluq” olmasın!

Əlbəttə, növbəti soyuq savaşı təsirli etməyin qarşısında başqa ciddi maneələr də var, əvəzinizə lap sadalaya da bilərik! Birini deyəcəm.

Bilirsiniz, əvvəlki “soyuq savaş”la indikinin fərqi, necə deyər, Qərbi indi zəif edən səbəblərdən biri nədir?

Daha əvvəlki kimi İNANMIRLAR Qərbə! Əvvəl Qərbin ideyası vardı. Bəli, AZAD İNSAN, AZAD ÖLKƏLƏR və AZAD DÜNYA! İndi yoxdur bu! Qərb ideyanı yaxınmüddətli qazanca dəyişdi! Axı siyasətçi ilə biznesmenin uduş və gəlir haqqındakı təsəvvürləri heç də həmişə identik olmur – belədəsə, bəndənizin biznes adamları ilə heç bir ədavəti yoxdur!      

Dünyanın bir kiçicik demokrat insanı kimi şəxsən özümün də Qərblə bağlı hətta ötən doxsanıncı illərdəki təsəvvürümü indikilə tutuşdurmağa çalışıram və görürəm ki, yox, o, deyil! Bunu sizə bir sadə, kiçik ölkənin, kiçicik bir demokrat insanı deyir!

Özümüzün problemimizsə, bilirsiniz, heç nədir? Hamımız öz gözümüzdə gülməli olmuşuq! Bir qeyd də yazacam və qurtaracam.

Tarixçilər təsdiq edər, vaxtilə zabit, daha sonra jurnalist, mühacir  Əbdürrəhman bəy Fətəlibəyli - Düdənginski İngiltərənin baş nazirinə hələ o vaxt bir məktub da yazmışdı...  

Nəhayət, son qeyd. Düdənginskini də, hətta Ukrayna millətçilərinin lideri Banderanı da KQB agentləri öldürmüşdü! Tanrı özü Ukraynanı da, Azərbaycanı da daha bir KQB-çidən - Putindən qorusun...

Chosen
38
musavat.com

1Sources