Bosfor Boğazın ən bahalı və nüfuzlu tarixi mülklərindən biri olan 130 illik Zəki Paşa malikanəsi satışa çıxarılıb.
2024-cü ildə 6 milyard TL-yə (240 milyon 600 min manat) satışa çıxarılsa da, hazırda Zəki Paşa Malikanəsinə qiymət tapılmır. Çünki təkcə Türkiyənin deyil, Avropanın da ən bahalı mülklərindən biridir.
Dördmərtəbəli malikanənin 23 otağı var: (5-i Boğaz mənzərəli), 5 geniş qonaq otağı, 8 hamamı, hər mərtəbədə mətbəxlər mövcuddur. Zirzəmi daxil olmaqla ümumilikdə 2489 m²-dir. Barokko üslubunda tikilmiş tarixi daş bina, qəsri xatırladır.
Malikanə İstanbulun ən nüfuzlu rayonlarından biri olan Rumelihisarı məhəlləsində, Fatih Sultan Mehmet körpüsünün altında yerləşir. Bu ərazi həm nəqliyyat üçün mərkəzdə yerləşir, həm də Bosforun ən gözəl mənzərələrindən birinə malikdir. Dəniz kənarında yerləşməsi malikanəyə su yolu ilə də çıxış imkanı verir.
Malikanə fransız memar Aleksandr Vallauri tərəfindən tikilib.
Zəki Paşa, Osmanlı İmperiyasında II Əbdülhəmidin hakimiyyəti dövründə xidmət etmiş görkəmli dövlət xadimi və hərbi komandir idi.
O, hərbi məktəblərin modernləşdirilməsinə töhfə vermiş, çoxsaylı əsərlərin müəllifi olmuş və II Əbdülhəmidin ən istedadlı və etibarlı generallarından biri kimi tanınmışdır. 1877-78-ci illər Rus-Türk müharibəsində xidmət etmiş, daha sonra Sultanın köməkçisi və şahzadələrə müəllim olmuşdur.
Fransız, Alman və İngilis kimi xarici dillərdə sərbəst danışan Zəki Paşa, dövrün ən bilikli dövlət xadimlərindən biri hesab olunurdu.
Qəsr Zəki Paşanın ölümündən sonra əldən-ələ keçdi və zamanla bir çox varlı ailələr bu evin sahibi oldu. Sonuncu sahibi Baştımar ailəsi olub. Ailənin xanımı Rəfiqə Baştimar Osmanlı sultanlığınını əsas hərbi fiqurlarından olan Qazi Ədhəm Paşanın soyundandır.
Qəsrdə hazırda yaşayış yoxdur. Məşhur seriallardan “Aşkı-Memnu”, “Kurt Seyit ve Şura”nın ziyafət hissələri bu qəsrdə çəkilib.


Şəfiqə Şəfa, Bizim.Media