EN

Bu beynəlxalq qurumda Azərbaycanın böyük müttəfiqləri kimlərdir?


D-8 - "Developing Eight" - inkişaf etməkdə olan səkkiz böyük müsəlman ölkəsinin birliyi kimi 1997-ci ildə təsis edilmiş beynəlxalq iqtisadi təşkilatdır və hazırda dünya miqyasında mühüm geosiyasi, iqtisadi və humanitar platformalardan birinə çevrilmişdir.

Türkiyə, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya, İndoneziya və Azərbaycanın daxil olduğu bu qurum 2 milyarddan çox əhalisi olan böyük bir coğrafiyanı, həm Asiyanı, həm Afrikanı, həm də Yaxın Şərqi əhatə edir. Sürətlə inkişaf edən bazarlar, geniş istehsal və ticarət imkanları, enerji, sənaye, aqrar sektor, logistika və rəqəmsal iqtisadiyyat kimi sahələr üzrə böyük potensial D-8-i qlobal iqtisadi nizamda ciddi güc mərkəzlərindən birinə çevirir. Təşkilat üzvləri iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarətin intensivləşdirilməsi, sosial və humanitar layihələrin inkişafı və informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərərək öz aralarında inteqrasiya proseslərini dərinləşdirirlər.

Azərbaycanın D-8 platforması ilə əməkdaşlığının genişlənməsi ölkənin çoxvektorlu xarici siyasət strategiyasının tərkib hissəsidir. Azərbaycan regional, transregional və qlobal səviyyələrdə balanslaşdırılmış, çevik və təşəbbüskar diplomatiya yürüdür. Son aylar Prezident İlham Əliyevin BMT platformasında çıxışları, Danimarkada keçirilən yüksək səviyyəli görüşlər, Mərkəzi Asiya ölkələri ilə strateji əməkdaşlıq formatlarına qatılması, həmçinin qlobal enerji və nəqliyyat təşəbbüslərində lider mövqeyi Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını göstərir. Ölkəmiz bu siyasət sayəsində həm Şərq-Qərb, həm Şimal-Cənub xəttində mühüm kommunikasiya qovşağına çevrilmiş, həm də müsəlman dünyası ilə iqtisadi, humanitar və informasiya yönümlü əlaqələrini genişləndirmişdir. D-8 platforması isə Azərbaycanın bu siyasətinin daha bir məntiqli istiqaməti olaraq geniş əməkdaşlıq perspektivləri yaradır, ölkəmizin yeni bazarlara çıxışına, müsəlman dünyası ilə inteqrasiyasına və informasiya siyasətinin qlobal miqyasda güclənməsinə töhfə verir.

D-8 üzv ölkələrinin media və informasiya sahəsindəki potensialı xüsusilə diqqətəlayiqdir. Bu ölkələrdə geniş auditoriya, gənc əhali, rəqəmsal transformasiyanın sürətlənməsi və media bazarının davamlı inkişafı informasiyanın istehsalı və yayılması üçün böyük imkanlar yaradır. Qlobal informasiya meydanında yeni güc mərkəzlərinin formalaşması, rəqəmsal jurnalistikanın artan rolu, sosial medianın təsir imkanlarının genişlənməsi D-8 çərçivəsində media əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır. Hazırda informasiya müharibələrinin, dezinformasiya risklərinin, informasiya manipulyasiyası və kibertəhdidlərin artdığı dövrdə vahid yanaşma və koordinasiyalı fəaliyyət bu ölkələrin ümumi informasiya təhlükəsizliyinə mühüm töhfə verə bilər.

Bu kontekstdə Bakı şəhərində D-8 Media Mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu institut Azərbaycanın media diplomatiyasında yeni mərhələ açır. Mərkəzin Bakıda yerləşməsi ölkəmizin informasiya sahəsində regional və qlobal qovşaq rolunu gücləndirir, D-8 üzv ölkələrinin media qurumları arasında əlaqələri sistemləşdirir, kadr hazırlığı, birgə media layihələri, informasiya mübadiləsi və qarşılıqlı təcrübə paylaşımını geniş şəkildə təşviq edir. Bakı Media Mərkəzi gələcəkdə həm D-8 üçün, həm də daha geniş coğrafiyada müsəlman ölkələrinin media əməkdaşlığının baza platformasına çevrilə bilər.

D-8 Media Forumu isə bu əməkdaşlığın institusional və praktik səviyyədə gücləndirilməsinə xidmət edən mühüm tədbir kimi çıxış edir. Forum çərçivəsində media təhlükəsizliyi, informasiya suverenliyi, qlobal informasiya çağırışlarına qarşı birgə fəaliyyət, rəqəmsal və yeni media sahəsində təcrübə mübadiləsi, gənc jurnalistlərin hazırlanması, mədəniyyətlərarası dialoqun genişləndirilməsi kimi məsələlər müzakirə olunur. Bundan əlavə, forum üzv ölkələrin informasiya potensialını birləşdirərək daha obyektiv, daha balanslı və daha təsirli media mühitinin formalaşdırılmasına şərait yaradır. Bu, həm regionun sabitliyinə, həm də üzv dövlətlərin qlobal informasiya məkanında görünürlülüyün artmasına mühüm təsir göstərir.

Nəticə olaraq, D-8 Media Forumu təkcə media qurumlarının bir araya gəldiyi tədbir deyil, 2 milyard insanı birləşdirən geniş bir coğrafiyanın informasiya strateji xəttini müəyyənləşdirən mühüm platformadır. Bu forum Azərbaycanın çoxvektorlu siyasətinin uğurlu davamı olmaqla yanaşı, ölkəmizin beynəlxalq informasiya mühitində nüfuzunu artırır, Bakını media əməkdaşlığının qlobal mərkəzlərindən birinə çevirir və D-8 çərçivəsində yeni, strateji tərəfdaşlıq imkanlarının yaranmasını təmin edir.

Dəniz NƏSİRLİ

Chosen
22
baki-xeber.com

1Sources