Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası ilə bağlı Qahirədə geniş hazırlıq toplantısı keçirilib.
Hafta.az xəbər verir ki, Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşatın sədrliyi ilə keçirilən iclasda müvafiq qurumların, o cümlədən Ticarət və İnvestisiya, Səhiyyə, Kənd Təsərrüfatı, Neft, Elektrik Enerjisi və Bərpa Olunan Enerji, Turizm və Qədim Abidələr, Mədəniyyət, Ali Təhsil, Gənclər və İdman, Ətraf Mühit, Rabitə və İnformasiya Texnologiyaları, Nəqliyyat nazirliklərinin, Mülki Aviasiya, İnvestisiya üzrə Baş İdarə və Kiçik və Orta Müəssisələrin İnkişafı İdarəsinin nümayəndələri iştirak ediblər.
Bundan başqa, ekspertlər səviyyəsində keçirilən görüşlərdə tərəflər ticarət, investisiya, mədəniyyət, rabitə və informasiya texnologiyaları, kiçik və orta sahibkarlıq, nəqliyyat, ali təhsil, səhiyyə, kənd təsərrüfatı, turizm, gənclər və idman, neft, mülki aviasiya, ətraf mühit, elektrik enerjisi və bərpaolunan enerji daxil olmaqla, əməkdaşlığın geniş prioritet sahələrini müzakirə ediblər.
Noyabrın 24-də keçiriləcək altıncı iclasda komissiyanın Azərbaycan tərəfindən həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılığı ilə geniş nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, Müştərək Komissiya 1994-cü il aprelin 7-də Qahirədə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Müştərək Komissiyanın beşinci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilib.