EN

Türkiyə və Avstraliya COP31 üzrə birgə sədrliyin formatını müəyyənləşdirib

Türkiyə və Avstraliya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlığın əsas istiqamətlərini razılaşdırıblar.

"Unikal" UNFCCC-nin məlumatına istinadla xəbər verir ki, sənəd iki ölkə arasında rol bölgüsünü və danışıqların, eləcə də müşayiətedici tədbirlərin təşkilində qarşılıqlı fəaliyyət mexanizmlərini müəyyən edir.

Razılaşmaya əsasən, Türkiyənin nümayəndəsi COP31-in Prezidenti vəzifəsinə irəli sürüləcək və COP30-un başa çatmasından dərhal sonra “Prezident-Designate” funksiyalarını icra etməyə başlayacaq. İkili mexanizm çərçivəsində Türkiyə Avstraliya nümayəndəsini COP31 üzrə danışıqlara rəhbərlik edən “Danışıqlar Prezidenti” vəzifəsinə təyin edəcək. Bu şəxs COP31 boyunca danışıqlar prosesinə dair eksklüziv səlahiyyətlərə malik olacaq. Bu funksiyanı təmin etmək üçün Avstraliya COP31-in vitse-prezidenti vəzifəsinə də namizəd göstəriləcək.

Türkiyə və Avstraliya konfransın hazırlanması və keçirilməsi ilə bağlı əsas məsələlərdə daim məsləhətləşmələr aparacaq. Müzakirələr zamanı mövqelərdə fikir ayrılığı yaranarsa, tərəflər qarşılıqlı razılıq əldə olunana qədər danışıqları davam etdirəcəklər.

COP31 Türkiyədə keçiriləcək və dünya liderlərinin sammitini də əhatə edəcək. Hazırlıq görüşü – Pre-COP isə Avstraliyanın dəstəyi ilə Sakit okean adası ölkələrindən birində baş tutacaq. Bu, beynəlxalq iştirakçılara regionun iqlim təsirlərini və mövcud cavab tədbirlərini yerində müşahidə etmək, səsləri və təşəbbüsləri birbaşa eşitmək imkanı yaradacaq.

Qəbul edən ölkə kimi Türkiyə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə müvafiq razılaşma imzalayacaq və bütün təşkilati-logistik öhdəlikləri üzərinə götürəcək. Türkiyə, həmçinin BMT-nin Ali İqlim Çempionunu və Avstraliyanın irəli sürdüyü namizəd əsasında Gənclər Çempionunu təyin edəcək, eləcə də COP31-in Fəaliyyət Gündəliyinə cavabdeh olacaq.

COP31 Prezidentinin təyin etdiyi Avstraliya nümayəndəsi COP30-un başa çatmasından COP31/CMA8/CMP21 sessiyasının sonunadək danışıqlar prosesinin koordinasiyasını həyata keçirəcək. Onun vəzifələrinə ilboyu konsultasiyaların təşkili, danışıqlar üçün mətnlərin hazırlanması, həmsədrlərin seçilməsi, eləcə də danışıqlarla bağlı UNFCCC Katibliyi ilə əlaqələrin qurulması daxildir. Avstraliya Sakit okean ölkələri ilə birlikdə, Pre-COP-un gündəliyini formalaşdıracaq və təşkilati-logistik təminatı həyata keçirəcək.

Türkiyə və Avstraliya COP30 Braziliya sədrliyinin səylərinə əsaslanaraq, qlobal iqlim fəaliyyət gündəliyini genişləndirmək və gücləndirmək niyyətindədirlər. COP31 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim maliyyələşməsi ehtiyaclarına həsr olunmuş xüsusi sessiya keçiriləcək və burada Sakit Okean Davamlılıq Fonduna dəstək üzrə öhdəliklərin açıqlanması üçün platforma yaradılacaq. Tərəflər həmçinin fəaliyyət gündəliyi üzrə əlavə tematik çempionların, o cümlədən Sakit okean regionunun nümayəndələrinin müəyyənləşdirilməsi üzərində birgə çalışacaqlar.

Chosen
34
8
unikal.az

10Sources