EN

İslamiadanın qızıl medalçısı: Bundan sonra daha böyük uğurlar qazanmaq istəyirəm

Bakı, 23 noyabr, Cavid Əliyev, AZƏRTAC

İslamiadanın qalibi olduğum üçün qürurluyam.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.

Əlli yeddi kiloqram çəkidə çıxış edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu bildirib: “Bundan sonra daha böyük uğurlar qazanmaq istəyirəm. Hədəflərim böyükdür. Finalda türkiyəli Elvira Süleymanı ilə qarşılaşdım. Onunla daha əvvəl Avropa çempionatında üz-üzə gəlmişdim. Təəssüf ki, qabırğamdan zədə almışdım və hakim görüşü saxlayıb, ona qələbə vermişdi. İslamiadada revanş aldım. İnşallah, qarşıdakı dünya və Avropa çempionatlarında istədiyim nəticəni qazana biləcəyəm”.

Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.

Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.

Chosen
52
3
azertag.az

4Sources