EN

Ərdoğan Trampın Ukrayna planı ilə bağlı mövqeyini açıqladı

BAKI, 24 noyabr. TELEQRAF

“Ukraynada sülh üçün bir zəminin yaranması uzun müddətdir bizim də səylə çalışdığımız bir mövzudur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair sülh planını şərh edərkən deyib.

“ABŞ Prezidenti Donald Tramp ilə də müxtəlif çərçivələrdə Ukrayna məsələsində nə düşündüyümüz barədə danışmışıq. Biz ədalətli bir sülhün heç bir tərəfi uduzmuş vəziyyətə salmayacağına inanırıq. Ədalətli sülhə çatmağın yolunun isə danışıqlar və tərəflərin bir araya gəlməsindən keçdiyi fikrindəyik.

Hazırda irəli sürülən sülh planının bir baza olub-olmayacağı müzakirə olunur. Bu plan üzərində razılaşmaq mümkündürmü? Bəli, mümkündür. Amma necə? Bunun üzərində dayanmaq lazımdır. Plan tərəflərin legitim gözləntiləri və təhlükəsizlik ehtiyaclarını yeni qeyri-sabitlik yaratmadan qarşılayarsa, razılaşma mümkündür”, - o vurğulayıb.

Prezident Ərdoğan hesab edir ki, uzlaşma ortaq məxrəcə gəlinmiş məsələlər və pozitiv gündəmlə başlayan danışıqlar vasitəsilə əldə oluna bilər:

“Hər kəsi qane edən bir baza yaradılarsa, davamlı həll yolunun qapısı açılacaq. Ədalətli və qalıcı sülhün yolunu açacaq təkliflərin müzakirə yolu ilə işə salınması prosesə müsbət təsir edəcək. Türkiyə olaraq, daha əvvəl İstanbulda necə mühüm rol oynamışdıqsa, bu gün də eyni konstruktiv mövqeni davam etdirməyə hazırıq”.

Chosen
36
1
teleqraf.com

2Sources