EN

QHT sədri: Türk dövlətləri arasında inteqrasiya bu gün ən yüksək səviyyədə davam edir

Bakı, 24 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiya bu gün ən yüksək səviyyədə davam edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət qurumları, müxtəlif sahələr üzrə nazirliklər və cəmiyyət həyatının ən geniş istiqamətləri üzrə əməkdaşlıq mexanizmləri müvəffəqiyyətlə fəaliyyət göstərir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

O qeyd edib ki, dövlət başçıları tərəfindən həyata keçirilən bu yüksək səviyyəli siyasət artıq vətəndaş cəmiyyətləri müstəvisində də davam etdirilməlidir. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də türk dövlətlərinin birliyi, yaxınlaşması və inteqrasiyasına öz profillərinə uyğun sahələrdə töhfə verməlidir.

“Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan həmişə Türk dünyası ilə bağlı təşəbbüslərə ev sahibliyi edib. Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu da buna nümunədir. Ekologiya, mədəniyyət və digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması üçün münbit şərait yaranıb.

Xüsusilə Xəzəryanı dövlətlər üçün bu gün ən ciddi çağırışlardan biri Xəzər dənizinin dayazlaşmasıdır. Bu baxımdan Qazaxıstan, Türkmənistan və Azərbaycan QHT-lərinin bu məsələləri birgə araşdırması, birgə hesabatlar hazırlaması nümunəvi əməkdaşlıq modeli ola bilər. Bizim tövsiyəmiz isə 100 illik tarixi olan Türk birliyi ideyasını bu gün yeni mərhələyə daşımaq üçün vətəndaş cəmiyyətləri daha fəal rol almalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev də andiçmə mərasimində Türk dünyası ilə inteqrasiyanın ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu bəyan edərək vurğulayıb ki, bizim bir ailəmiz var – bu, Türk dünyasıdır. Bu çağırış vətəndaş cəmiyyətlərimiz üçün də geniş imkanlar açır, bu istiqamətdə əməkdaşlığa bir növ “yaşıl işıq” yandırır. Bu tarixi fürsətdən maksimum yararlanmaq, ortaq dəyərlərimiz və məsuliyyətimiz naminə birlikdə çalışmaq zamanıdır”, - deyə QHT sədri vurğulayıb.

Chosen
47
2
azertag.az

3Sources