EN

Voleybol millisinin baş məşqçisi: Gürcüstanla oyundakı qələbə gələcək yarışlar üçün motivasiya yaratdı

Bakı, 24 noyabr, AZƏRTAC

Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında ümumilikdə üç oyun keçirdik. Rəqiblərimiz Estoniya, Ukrayna və Gürcüstan yığmaları idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri voleybol üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyid Abbasi EEVZA çempionatındakı çıxış barədə danışarkən deyib.

Onun sözlərinə görə, Estoniya və Ukrayna komandaları Avropanın ən güclüləri arasındadır: “İlk görüşümüz Estoniya ilə oldu, məqsədimiz qələbə qazanaraq turnirə yaxşı başlamaq idi. Lakin oyunçularımız çox səhv etdi və istədiyimiz oyunu göstərmək mümkün olmadı. Komandada 3-4 təcrübəli voleybolçu olsa da, heyətin böyük hissəsi ilk dəfə beynəlxalq yarışa çıxırdı və bu, nəticəyə təsir etdi. Digər rəqibimiz Ukrayna daha təcrübəli komanda idi. Buna baxmayaraq, ilk qarşılaşma ilə müqayisədə daha yaxşı oyun nümayiş etdirdik və prinsipial mübarizə apardıq. Turniri Gürcüstan millisinə qarşı qələbə ilə başa vurduq. Bu oyunda uşaqlar çox yaxşı oynadılar və 3:0 hesabı ilə inamlı qələbə qazandıq. Bu qələbə komandanın özünəinamını artırdı və gələcək yarışlar üçün motivasiya yaratdı”.

Chosen
95
1
azertag.az

2Sources