EN

Yanğında ittiham olunan “Loft”un cavabdeh şəxsi hələ ötən il məsuliyyətə cəlb olunubmuş - FOTOFAKT

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada ötən həftə baş verən və 3 nəfərin ölümü ilə nəticələnən yanğına görə ittiham olunan “Loft” restoranının cavabdeh şəxsi hələ ötən il qayda pozuntularına görə məsuliyyətə cəlb olunubmuş.

Musavat.com-un əldə etdiyi məlumata görə, bununla bağlı bina sakini Arif Arifli hələ ötən il Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik reaksiya idarəsinə müraciət edibmiş. Müraciət Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılıb.

Araşdırma zamanı müraciətdə qeyd edilən Yasamal rayonu, M.Seyidov küçəsi bina 19A ünvanında yerləşən “Loft” adlı kafenin havalandırma sisteminin norma və qaydaların tələblərinə uyğun quraşdırılmadığı aşkar olunub. Kafenin cavabdeh şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada ötən həftə baş verən yanğın zamanı binanın komendantı, 1983-cü il təvəllüdlü Samir Məmmədov, 7 yaşlı Arzu Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həlak olub. Könül Vəlibəyinin qızı Ləmanın vəziyyəti ağırdır. Hadisə nəticəsində ümumilikdə 27 nəfər tüstüdən zəhərlənib.

Sakinlər yanğına səbəb kimi binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Loft” restoranını göstərirlər. Onların sözlərinə görə, restoran uzun müddətdir binanın elektrik xəttini həddindən artıq yükləyir: “Hibrid maşınları ‘zaryatka’ya qoyurdular, naqillər tab gətirmədi,” – deyə bir sakin bildirib. Onlar əlavə edirlər ki, restoranın elektrik sisteminə müdaxiləsi, naqillərin normadan artıq yüklənməsi binanın təhlükəsizliyini uzun müddətdir şübhə altına almışdı.

Şahanə Rəhimli
Musavat.com

Chosen
37
1
musavat.com

2Sources