EN

Bakıdakı plazada partlayışın səbəbi: yol çəkilişində məsuliyyətsizlik, yoxsa...

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümünə səbəb olan yanğınla bağlı müzakirələr davam etdiyi bir vaxtda noyabrın 24-də səhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki obyektlərdən birincə partlayış xəbəri ilə açdıq.

Bizimyol.info xəbər verir ki, səhər saat 9 radələrində “AFEN Plaza” biznes mərkəzində baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onları dağıntılar altından çıxardıqdan sonra yaralılar Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb.

Yaralılardan bir nəfərə termiki yanıq diaqnozu qoyulub. Digər dörd nəfərə isə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

“AFEN Plaza”nın əməkdaşı Murad Kərimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, noyabrın 24-də səhər saat 09.00 radələrində ikinci mərtəbədə olarkən qəfildən partlayış səsi eşidiblər. Ardınca tüstü qalxıb və otaqları bürüyüb. Dərhal binanı tərk etmək qərarı verilib. Aşağı düşəndə birinci mərtəbədə vəziyyətin bərbad olduğunu, oradakı əməkdaşların isə ciddi xəsarət aldıqlarını görüblər: “Aşağı bərbad vəziyyətdə idi...”

Həmin vaxt liftdə qalan əməkdaşlar da olub. Onları da xilas ediblər.

“AFEN Plaza”nın sahibi Əbülfət Əliyev hadisəyə qaz sızmasının səbəb olduğunu deyir və bunu obyektin qarşısındakı yol çəkilişi zamanı məsuliyyətsizliklə əlaqələndirir. Obyekt sahibi plazanın qarşısında yeni salınan yolda qaz xəttində zədələnmə olduğunu, bunun da nəticəsində binaya yeraltı qaz sızdığını bildirib. Onun sözlərinə görə, “AFEN Plaza”da qaz olmayıb. Yol-təmir işləri zamanı traktorlar ərazidəki qaz xəttini zədələyib.

“Səhər detektorlarla yoxladılar. İndi sizə müsahibə verərkən dayandığımız bu torpaqların altı da bütün qaz sızmasıdır. Bunun üstündə dayanmaq belə, təhlükəlidir. Qaz sızması obyektin altına gedib çıxıb. Bizim plazada qaz olmayıb. Binada qaz çardaqdadır, o da arxa tərəfdə. Havalar hələlik xoş keçdiyinə görə o da qoşulmayıb”, - Əbülfət Əliyev jurnalistlərə, o cümlədən Bizimyol.info xəbər portalının əməkdaşına açıqlamasında bildirib.

Hadisənin necə baş verməsinə gəlincə, Əbülfət Əliyev bildirib ki, obyektin altına sızan qaz zirzəmiyə toplanıb. Noyabrın 24-də səhər saat 09.00 radələrində işə gələn əməkdaşlardan biri işığı yandıranda partlayış baş verib.

Partlayışa yeraltı qaz sızmasının səbəb olması barədə iddiaları araşdırmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da hadisə yerinə cəlb olunub.

“Azəriqaz” istintaq araşdırmaları yekunlaşmadan hadisəyə qaz sızmasının səbəb olması barədə fikirlərin səsləndirilməsindən narazıdır. Qurumun yaydığı açıqlamada vurğulanır ki, bu cür iddialar istintaqın gedişinə maneədir.

Açıqlamada qeyd olunur ki, “Azəriqaz” əməkdaşları hadisə yerində boru xətlərinin təftişi ilə məşğuldur.

“Bu cür iddiaların səsləndirilməsi tezdir. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekunu olaraq cəmiyyətə açıqlanacaq məlumat olacaq”, - “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
bizimyol.info

1Sources