“Dini radikal cərəyanların üzvlərinin sosial şəbəkələrdəki paylaşımlarında təhqir və böhtan varsa, adiyyatı dövlət qurumları bu işlə məşğul olmalıdırlar. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Emil Bədəlov bildirib.
Onun sözlərinə görə, vətəndaşların şəxsiyyətinə və ləyaqətinə toxunan ifadələrə görə həmin vətəndaşların dini radikal cərəyanların üzvləri barədə hüquq mühafizə orqanlarına şikayət edə bilərlər:
“Burda məsələ iki cür mülki icraat qaydasında və cinayət icraat qaydasında, yəni xüsusi ittiham qaydasında ola bilər. Vətəndaşlar belə hallarda şərəf və ləyaqətin alçaldılması maddəsi ilə məhkəmələrə müraciət edə bilərlər. Əgər fakt öz təsdiqini taparsa, dini radikal cərəyanların üzvlərini cərimə və həbs cəzası gözləyir. Bundan başqa dini radikal cərəyanların üzvlərinin sosial şəbəkə hesablarındakı paylaşımlarında hakimiyyətin zorla ələ keçirilməsi halı varsa, yəni dövlətə qarşı yönəlmiş açıq çağırışlar varsa, o zaman Dövlət Təhlükəsizlik Xidmətinin istintaq orqanı həmin şəxsləri müəyyən edib, barələrində cinayət işi başladıb, məsuliyyətə cəlb etməlidirlər”.
İlkin Məmmədkərimov