EN

Bakıda baş verən yanğın və partlayışlarda təxribat izi... AÇIQLAMA

ain.az, Bakupost saytına istinadən bildirir.

Bu günlərdə Bakıda baş verən ardıcıl fövqəladə hadisələr bütün ictimaiyyətin diqqət mərkəzindədir. Yasamalda çoxmərtəbəli binada 3 nəfərin ölümü və 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğından sonra dünən Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış qeydə alınıb. Hadisə zamanı 5 nəfər yaralanıb.

Bir-birinin ardınca baş verən bu olaylar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Cəmiyyətin bir hissəsi bunu təsadüf saymır, müxtəlif fərziyyələr irəli sürülür. Bəziləri baş verənlərin təsadüfi olmadığını iddia edir, bunu xarici müdaxilə - xüsusilə Rusiyanın ölkəmizdə mümkün təxribatı kimi qiymətləndirir, bir qrup isə məsələləri "Ramiz Mehdiyev işi" ilə əlaqələndirir.

Bəs, bu ehtimallar nə dərəcədə inandırıcıdır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, texnogen hadisələr, qəzalar və faciələr bir çox ölkələrdə bəzən bir neçə dəfə təkrar olunur:

“Əvvəl bu tip hadisələr baş versə də, geniş ictimailəşdirilmirdi. İndi isə hamının əlində telefon var. Bəzən əziyyət çəkənə kömək etmək əvəzinə, telefonla hadisəni çəkib paylaşmağa üstünlük veririk. İnsanlar faciə üzərindən “like” qazanmağa, özünü daha üstün göstərməyə çalışır”.

Ekspert hesab edir ki, Azərbaycanda hansısa kənar ölkənin belə təxribatlar törədə biləcəyi ehtimalı yoxdur:

“Eləcə də ölkə daxilində olub xaricə xidmət edən şəxslərin belə bir imkana malik olduğunu düşünmürəm. Bu tip hadisələr həmişə olub, indi də var, yəqin ki, gələcəkdə də olacaq. Yetər ki, ictimaiyyət rəsmi qurumların araşdırmalarından sonra verəcəyi məlumatlara istinad etsin. Rəsmi qurum araşdırmanı tamamlamadan dərhal açıqlama verə bilmir. Vətəndaşlar isə, təbii ki, öz mövqelərini dərhal bildirirlər. Xüsusilə də bu məsələdə kənardan idarə olunan qüvvələr var ki, daxili sabitliyi pozmaq məqsədilə baş verən hadisələr üzərindən Azərbaycana qarşı geniş təbliğat kampaniyası aparırlar. Onların dediklərinin sonradan heç bir əsası olmadığı üzə çıxır. Reallıq isə budur ki, hadisə baş verib, zərərçəkənlər, şahidlər, hadisənin haradan başladığına dair görüntülər və faktlar var. Bütün informasiyalar toplanıb emal edildikdən sonra rəsmi qurum yekun açıqlama verəcək. Bu barədə kimsənin şübhəsi olmasın.

Təklif edərdim ki, hamı yalnız rəsmi məlumatlara etibar etsin. Azərbaycan elə bir zəif dövlət deyil ki, istənilən şəxs gəlib onun ərazisində əlini-qolunu sallaya-sallaya ard-arda təxribat və partlayışlar törətsin. Bu fikirdən tamamilə uzaq olmaq lazımdır”.

Lalə Novruz, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
www.bakupost.az

1Sources