EN

“Qarabağ”ın keçmiş futbolçusu: Komandanın İtaliyadan ən azı 1 xalla qayıtmaq şansı var

Bakı, 25 noyabr, AZƏRTAC

“Qarabağ”ı bu gün Neapolda çox çətin və ağır oyun gözləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın keçmiş futbolçusu Rahid Əmirquliyev Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İtaliyada “Napoli”yə qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O bildirib ki, “Napoli” həmişə iddialı komanda olub: “Üstəlik, doğma meydanda mübarizə aparacaqlar. Azarkeşlərin dəstəyi Neapol təmsilçisinə əlavə motivasiya verə bilər. Bu amil istər-istəməz rəqibin şansını artırır. Hazırda komanda cəmi 4 xala malikdir və “Qarabağ”dan aşağı pillədə qərarlaşıb. Bu səbəbdən xala daha çox ehtiyacı var. Lakin Qurban Qurbanovun komandası Çempionlar Liqasında çox yaxşı çıxış edir. Onların İtaliyadan ən azı 1 xalla qayıtmaq şansı var. Bu matç həm psixoloji, həm də fiziki baxımdan “Qarabağ” üçün önəmli olacaq və hər bir futbolçu maksimum səviyyədə oynamağa çalışacaq”.

Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli”–“Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Chosen
28
50
azertag.az

10Sources