EN

“Aston Martin” rəhbərliyi Las-Veqas fiaskosunu izah etdi

“Aston Martin”in əməliyyat direktoru Mayk Krak Formula-1-in Las-Veqas Qran-Prisində komandanın zəif çıxışına münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "AS" Krakın dediklərini belə çatdırıb.

“Quru havada çətinlik yaşayacağımızı bilirdik və belə də oldu. Xal qazanacaq qədər sürətli deyildik. Yarış sıx keçdi, bizi dövrə geridə qoymadılar, amma tempimiz kifayət etmirdi. Hülkenberq arxadan ‘hard’ təkərlərlə başladı və ritmi saxlamaq onun üçün çətin olmadı. Virtual təhlükəsizlik maşınından sonra pitə girməsəydik belə, o bizi yenə də ötəcəkdi. Düzlüklərdə sürət çatışmazlığı var idi. Eyni strategiyanı tətbiq etsək də, vəziyyət dəyişməyəcəkdi.”

O əlavə edib ki, Las-Veqas trası komanda üçün əlverişsiz olan Bakı və Sinqapur kimi konfiqurasiyalara bənzəyir:

“Yavaş döngələr və uzun düzlüklər bizim maşının xarakterinə uyğun deyil.”

Krak Qətər Qran-Prisində vəziyyətin kağız üzərində bir qədər yaxşı görünə biləcəyini, lakin bunun təminat olmadığını da vurğulayıb:

“Sıx təqvim, sprint formatı və məhdud təkər dövrləri bizə müəyyən imkan yarada bilər. Konstruktorlar Kubokunda vəziyyət çox gərgindir və səhvə yer yoxdur.”

Xatırladaq ki, Fernando Alonso yarışı 11-ci pillədə başa vurub, Ləns Stroll isə startdan dərhal sonra “Kick-Sauber”in pilotu Qabriel Bortoletto ilə toqquşma səbəbindən mübarizəni dayandırıb.

Chosen
27
90deqiqe.az

1Sources