EN

Bioloji yaş , həyat tərzi... Ronaldo 40 yaşında 28 oldu, biz isə 30 yaşda 70 i yaşayırıq

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Kriştiano Ronaldo haqqında yeni xəbər gündəmə düşən kimi dünya yenə çaşdı. Adam 40 yaşındadır, amma “Whoop” şirkətinə görə bioloji yaşı 28-dir. Hələ bunun üstündə Ronaldo özü də yazıb ki, “məlumatlar yalan deyil”. Əlbəttə ki, yalan deyil. Çünki onun həyat tərzi bizə heç oxşamır. Elə bil başqa planetdə yaşayır.

Ronaldo səhər açılanda məşq edir, günorta məşq edir, axşam məşq edir, gecə yatmazdan əvvəl də məşq edir. Biz? Biz səhər durandan sonra 15 dəqiqə telefona baxıb yenidən “5 dəqiqə də uzanım” deyirik. Onun 40 yaşında cavan qalması normaldır. Bizim isə 30 yaşında 70-lik kimi hiss etməyimiz də bir o qədər normaldır.

Ronaldo buz vannasına girir, biz isə isti su bir az sərin gələndə həyatı sorğulamağa başlayırıq. O avokado yeyir, biz kartof qızartması. O yuxu rejiminə əməl edir, biz “gecə 02:00-da yatdım, səhər 10-da durdum, bəs eyni şeydir də” deyirik. Ronaldo proteinlə, biz isə şəkərli çayla sağ qalmağa çalışırıq.

Əlbəttə ki, onun bioloji yaşı 28 olacaq. Biz isə 30 yaşımızı sadəcə pasportda görürük. Real həyatda bel ağrısından çarpayıdan qalxanda elə hiss edirik ki, sanki ömrümüz boyu daş karxanasında çalışmışıq. Pilləkənlə ikinci mərtəbəyə qalxanda 90 yaşlı nənə kimi nəfəs darlığı tutursa, orada “bioloji yaş testinə” ehtiyac yoxdur və nəticə çoxdan ortadadır.

Bizim bioloji yaş hesablaması çox sadədir. Stress, gecə yatmamaq, hər gün çay, idman etməmək, taksiyə həddindən artıq bağlanmaq və bunlar hamısı bərabərdir 70 yaş. Amma yenə də Ronaldoya baxıb ruhdan düşmək lazım deyil. Hamımızda potensial var. Sadəcə “potensial”ın özü də yorğundur, bizə qoşula bilmir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
icma.az

1Sources