EN

Böcek ailəsinin ölümü ilə bağlı yeni detallar

Musavat.com xəbər verir ki, İstanbulda Böcek ailəsinin müəmmalı ölümü ilə bağlı Adli Tibb Qurumu ilkin rəyini prokurorluğa təqdim edib.

Rəydə ailənin qaldığı otel otağından götürülən nümunələrdə fosfin qazı aşkarlandığı, lakin ailənin yediyi qidalarda heç bir zəhərin tapılmadığı vurğulanır.

Mütəxəssislər fosfinin — taxıl və zərərverici dərmanlamasında istifadə olunan, yüksək dərəcədə zəhərli qazın — ailənin ölümündə əsas şübhə kimi önə çıxdığını bildiriblər. Ailənin dəqiq ölüm səbəbi Adli Tibb 1-ci İxtisas Şurasının verəcəyi yekun rəy ilə müəyyənləşəcək.

Hadisə necə baş verdi?

Almaniyadan İstanbula istirahət üçün gələn 4 nəfərlik Böcek ailəsi noyabrın 12-də səhhətlərində yaranan problemlərə görə xəstəxanaya getmiş, həmin gün otelə qayıtmışdılar. Gecə saatlarında vəziyyətləri yenidən ağırlaşmış və xəstəxanaya çatdırılsalar da, uşaqlar həmin gün, ana növbəti gün, ata isə bir neçə gün sonra həyatını itirmişdi.

Həmin oteldə eyni otaqda qalan iki turistdə də oxşar simptomlar müşahidə edildiyi üçün onlar da xəstəxanaya yerləşdirilmişdi. Polis araşdırmasından sonra otel müvəqqəti olaraq bağlanmışdı.

İstintaq və həbslər

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 11 nəfər saxlanılıb. Onlardan 8-i — dərmanlama şirkətinin rəhbəri və əməkdaşları, otel işçiləri, eləcə də yaxınlıqdakı qida satıcıları — məhkəmənin qərarı ilə tutulub. Otelin sahibinə isə “ölkədən çıxış qadağası” və “ev dustaqlığı” tədbirləri tətbiq edilib.

 

Musavat.com

 

 

Chosen
25
2
musavat.com

3Sources