EN

Bizim dad seçimlərimiz nədən asılıdır və nə üçün yaş artdıqca dəyişir?

Bakı, 26 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Dad seçimləri təkcə bioloji ehtiyaclardan ibarət deyil. Onlar genetik, mədəni, psixoloji amillərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir və həmçinin ətraf mühitdən asılıdır.

İnsan genetikası müəyyən dadlara, xüsusilə də acı dada həssaslığımızı müəyyən edə bilər. Eyni zamanda, uşaqlıqdan tanıdığımız və qəbul etdiyimiz məhsul növlərini mədəniyyət və coğrafiya formalaşdırır. Digər tərəfdən, təcrübə də qida seçiminə güclü təsir göstərir. Məsələn, müəyyən məhsulları müsbət və ya mənfi təcrübə ilə əlaqələndirməklə.

Yaş artdıqca insanda dad qavrayışında dəyişikliklər baş verir və bu, onun yemək seçimlərinə və iştahasına təsir göstərir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində qastroenteroloq Gülçin Quluzadə dad seçimlərinin dəyişməsinə səbəb olan bir neçə amili sadalayıb.

“Yaş artdıqca dad reseptorlarının sayı və həssaslığı adətən dəyişir. Bu isə xüsusilə də acı və şirin dadlara qarşı həssaslığın azalmasına və nəticədə həmin dadların daha çox qəbul edilən olmasına gətirib çıxarır”, – deyə həkim izah edir.

Onun sözlərinə görə, zamanla mədə-bağırsaq traktında fermentativ aktivlik də dəyişir: “Məsələn, əvvəllər bəzi məhsullar insanlarda həzm pozuntusu yaradırdı, lakin fermentlərin adaptasiyası ilə onların həzm olunması daha asanlaşır”.

Son səbəb kimi həkim bağırsağın mikroflorasının dəyişməsini göstərib. “Bağırsaqda müəyyən bakteriyaların miqdarının artması və ya azalması insanın acı, turş və şirin qidaya meylini dəyişir. Həzm sistemi ilə əlaqəli olmayan səbəblərə gəldikdə isə bunlara hormonal dəyişiklikləri, yuxu ilə bağlı koqnitiv pozuntular, xroniki xəstəliklər və uzunmüddətli dərman qəbulu daxildir”, – deyə qastroenteroloq qeyd edib.

Dad reseptorlarının həssaslığının azalması, hormonal fonun dəyişməsi və ümumi sağlamlıq vəziyyəti, o cümlədən xroniki xəstəliklər və dərman qəbulu dad qavrayışının zəifləməsinə və dəyişməsinə gətirib çıxarır. Bu amilləri anlamaq, qida seçimlərinin və iştahanın həyat boyu niyə dəyişdiyini izah edir.

Chosen
58
2
azertag.az

3Sources