EN

Dünya yeni qalmaqalla silkələnir - Tramp və Putinin köməkçilərini kim dinləyib?

“Rusiya-Ukrayna sülh prosesi ətrafında çox maraqlı hadisələr baş verir. “Bloomberg” ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiyanın dövlət başçısı Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında, eləcə də Uşakov və Rusiya Birbaşa Yatırımlar Fondunun sədri Kiril Dmitriyev arasında oktyabr ayında baş tutan telefon danışıqlarının stenoqramını yayıb Mətnlərdən anlaşılan odur ki, Uitkoff hazırkı ABŞ administrasiyasında faktiki olaraq Rusiyanın təsir agenti kimi fəaliyyət göstərir”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoliq Şahin Cəfərli bildirib.

O vurğulayıb ki, həmin stenoqram bir sıra mühüm məsələləri üzə çıxarıb:

“Məsələn, o, Zelenskinin ABŞ-a son səfərindən 2 gün əvvəl, oktyabrın 14-də Uşakov ilə telefon söhbətində ona məsləhət görür ki, Putin Trampa zəng eləsin, Qəzzadakı sülhlə bağlı onu təbrik etsin, tərifləsin, sülh adamı adlandırsın. Yəni Uitkoff xarici liderə (üstəlik, müttəfiq və dost olmayan ölkənin) ABŞ prezidentini necə manipulyasiya etməyin yollarını öyrədir. Uitkoff Uşakova deyir ki, Qəzzada olduğu kimi, Rusiya-Ukrayna konfliktini də həll etmək və bu barədə plan hazırlamaq olar. Uitkoff Putinə dərin hörmət bəslədiyini və onun sülh istədiyini həmişə Trampa söylədiyini bildirir.

Məlum olduğu kimi, Putin-Tramp telefon danışığı baş verir və Tramp çox məmnun qalır, Putinin sülh istədiyini, yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlayır. Tramp bir gün sonra Ağ Evə gələn Zelenskini əliboş qaytarır. Halbuki Ukraynaya "Tomahawk" raketləri verə biləcəyini söyləyirdi”.

Ş.Cəfərli söyləyib ki, oktyabrın 29-da Uşakov-Dmitriyev telefon söhbətində isə sülh planından danışılır: “Dmitriyev bildirir ki, kağızı (sülh təkliflərini) qeyri-rəsmi olaraq ABŞ tərəfinə verəcək. O deyir ki, amerikalılar yəqin tamamilə Rusiya versiyasını əsas götürməyəcəklər, amma buna maksimum yaxın bir sənəd ortaya çıxa bilər.

Məlumdur ki, Dmitriyev ABŞ-a uçur və Uitkoffun Mayamidəki evində onunla, həmçinin Trampın kürəkəni Kuşnerlə görünür, nəticədə "28 maddəlik plan" ortaya çıxır...”.

Siyasi icmalçı fikrincə, indi vacib sual V.Putinin köməkçisi Y.Uşakovu dinləyən və onun telefon danışıqlarını məhz bu anda mediaya sızdıran gücün kim olmasıdır:

“Hər kimdirsə, böyük ehtimalla hazırkı sülh prosesini öz maraqları baxımından uyğun hesab etməyərək onu pozmağa çalışır. (Əllərində bu tip çoxlu sayda materiallar olduğuna şübhə yoxdur). Bu, ABŞ kəşfiyyatı da ola bilər, Britaniya kəşfiyyatı da. İstisna deyil ki, sülh planının son variantından (19 maddəlik) məmnun qalmayan Rusiya da prosesin pozulmasında maraqlı ola bilər, amma bu, ağlabatan ehtimal kimi görünmür.

Dövlət katibi Rubionun senatorlarla söhbətində Uitkoffun planını "Rusiya təklifləri" adlandırması və bundan sonra təşəbbüsü üzərinə götürərək Cenevrədə Ukrayna nümayəndə heyəti ilə danışıqlarda bədnam plana Ukrayna lehinə dəyişikliklər etməsi faktını da unutmayaq”.

Ş.Cəfərli deyib ki, bu qalmaqalda şəxsi planda ən çox zərər çəkən Stiv Uitkoff ola bilər: “Yayılan mətnlər (səs yazıları da var) ilk növbədə onu zərbə altında qoyur. Artıq 2 respublikaçı Konqres üzvü hadisəyə münasibət bildirirək Uitkoffun kənarlaşdırılmasını tələb edib.

Tramp isə ilk şərhində deyib ki, yayılan səs yazıları ilə tanış olmayıb, amma danışıqlar praktikası məhz belə olur, Uitkoff Rusiya ilə təmaslarda Ukraynanı satmalıdır ki, nəticə ala bilsin...”.


Telegram kanalımız
Chosen
71
1
yenisabah.az

2Sources