EN

Rəşad Məcid: Mətbuat Şurasının Dil Komissiyası işini intensivləşdirəcək

"Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxundu. Dilimzə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlətimizin başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı".

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

"Prezident, eyni zamanda, həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi.

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevin çıxışındakı tezisləri rəhbər tutaraq, noyabrın 7-də “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdi. Hesab edirəm ki, konfransın ayrı-ayrı panellərində mövzu, kifayət qədər, əhatəli müzakirə edildi, peşəkarlar və mütəxəssislər ümumi işə faydalı təkliflər səsləndirdilər, mənfi tendensiyaları diqqətə çatdırdılar. Heç şübhəsiz, təkliflərin praktikada tətbiqi istiqamətində də müvafiq və ardıcıl iş aparılmalıdır və aparılacaq.

Ümumən, Mətbuat Şurası yarandığı gündən mediada ana dilimizin saflığının qorunması məsələsinə həssas yanaşıb. Şura tərəfindən ölkəmizin aparıcı media vasitələrinin monitorinqi aparılıb. Bu işi Mətbuat Şurasının Dil Komissiyası qurumun “Mediada ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsinə dair Təlimat”a uyğun şəkildə həyata keçirib.

Qeyd edim ki, Təlimatda leksik və qrammatik pozuntu hallarına diqqət yetirilir. Leksik pozuntular dedikdə bura alınma, dialekt sözlərin, şivələrin, terminlərin işlədilməsi, habelə yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlı pozuntular aiddir. Təbii ki, qrammatik pozuntular özünə daha geniş yanaşmanı tələb edir. Bu baxımdan morfoloji qaydalara əməl olunmaması, yəni isimlərdə şəkilçilərin, fellərdə nəqli keçmiş zaman şəkilçisinin işlədilməsi, feli sifətlərdə və ismi xəbərlərdə zaman anlayışının istifadəsi, feli bağlamaların işlədilməsində Azərbaycan dilinin morfoloji xüsusiyyətlərinin nəzərə alınmaması ilə bağlı pozuntular vurğulanmalıdır.

Şuranın Təlimatına əsasən qrammatik pozuntuların müəyyənləşdirilməsində daha bir cəhət kimi sintaktik qaydalara əməl olunmamasına dair pozuntulara diqqət yetirilir. Bu baxımdan cümlələrdə söz sırasının pozulması, cümlə və söz birləşmələrində sintaktik əlaqələrə əməl edilməməsi, tabesiz mürəkkəb cümlələrdə komponentlər arasında məna əlaqələrinin pozulması, tabeli mürəkkəb cümlələrdə baş cümlə ilə budaq cümlə arasında məntiqi bağlılığın yoxluğu, durğu işarələrinin düzgün işlədilməməsi halları nəzərdən keçirilməlidir.

Əlbəttə, qrammatik pozuntulardan danışırıqsa, üslub pozuntularının da üzərində dayanmalıyıq. Bura isə sözlərin yazılışında orfoqrafiya lüğətinin tələblərinə əməl olunmaması, müxtəlif funksional üslublara aid dil normalarının qarışdırılması, danışıq dili normalarının və xüsusiyyətlərinin yersiz olaraq yazılı nitqə gətirilməsi, müəllifin bəhs olunan mövzuya və yazının həsr edildiyi sahəni bilməməsindən irəli gələn, bütövlükdə dilimizi praktik olaraq yaxşı bilməməkdən, habelə dilimizin nəzəri qayda-qanunlarına bələd olmamaqdan törəyən pozuntular daxildir.

Göründüyü kimi, kifayət qədər, dolğun yanaşma bucağımız var. Fəaliyyətin gerçəkləşdirilməsi üçün Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibinin komplektləşdirilməsi həyata keçiriləcək. Zaman-zaman komissiyanın işində peşəkar dilçi alimlər iştirak edib. Medianın monitorinqi də onlar tərəfindən aparılıb. Sonradan hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı ki, Mətbuat Şurası bu qurumun işinə də öz töhfəsini verdi. Mərkəz monitorinqlərinin nəticələrini kitab şəklində nəşr etdirir, habelə pozuntu hallarının müzakirə edildiyi toplantılar düzənləyirdi.

Mətbuat Şurası da vaxtilə media məkanındakı dil pozuntularının müzakirəsini media rəhbərlərinin bilavasitə iştirakı ilə aparırdı. Hesab edirəm ki, yenə eyni fəaliyyətə üstünlük verilməlidir. O cümlədən, Dil Komissiyasının işinə, əvvəllər olduğu kimi, dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir. Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm", - o bildirib.

Chosen
10
8
adalet.az

9Sources