Özbəkistan Respublikasının Daşkənd şəhərində “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə QS Avrasiya Forumu keçirilir.Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Forumda iştirak edirlər.QS agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə reallaşan tədbir Avrasiya məkanında ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin inkişafı, reytinq strategiyalarının təkmilləşdirilməsi və qlobal tərəfdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Forumda dünyanın müxtəlif ölkələrindən universitet rəhbərləri, təhsil siyasətçiləri, tədqiqat institutlarının nümayəndələri, eləcə də QS agentliyinin yüksək səviyyəli təmsilçiləri iştirak edirlər. Tədbir ali təhsil sistemində beynəlxalq inteqrasiya meyilləri, bilik iqtisadiyyatına keçid dövründə universitetlərin rolu və regional əməkdaşlığın genişləndirilməsi kimi mövzulara həsr olunub.ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Forumun əsas plenar sessiyasında geniş təqdimatla çıxış edib.Rektor “Qlobal əlaqələrin gücləndirilməsi müasir universitet strategiyasının əsas prioritetidir” mövzusunda etdiyi təqdimatda ali təhsildə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, qlobal əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və universitetlərin rəqabətqabiliyyətliliyinin artırılmasına dair dünya təcrübəsini iştirakçılarla bölüşüb.O, həmçinin ali təhsil müəssisələrinin rəqəmsal transformasiya, enerji keçidi və innovasiya sahələrində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.


