Kembric alimləri iddia edirlər ki, yeniyetməlik dövrü əvvəl düşünüləndən xeyli uzun çəkir və 9 yaşdan 32 yaşadək davam edir.
Araşdırmaya görə beynin inkişafı beş mərhələyə bölünür:
1. Uşaqlıq – 9 yaşadək
2. Yeniyetməlik – 9–32 yaş
3. Yetkinlik – 32–66 yaş
4. Erkən qocalma – 66–83 yaş
5. Gec yaşlanma – 83 yaşdan sonra
Məlumatda bildirilir ki, müasir yeniyetməliyin daha tez başlaması və gec bitməsi artıq yeni fikir deyil. Buna baxmayaraq, indiyədək yeniyetməlik dövrünün təxminən 25 yaşda bitdiyi qəbul olunurdu. Yeni tədqiqatların isə müasir qanunvericilik və sosial yanaşmaların bir çox məqamda reallığa uyğun olmadığını göstərdiyi vurğulanır.
Misal üçün, 18 yaşlı şəxs qanun qarşısında tam məsuliyyət daşıyan yetkin kimi qəbul olunur. Lakin alimlərə görə, bu yaşda insanın şəxsiyyət kimi inkişafı hələ tam başa çatmır. Eyni zamanda, cəmiyyət 15 yaşlının ailə qurmasını erkən nikah hesab edir, 20 yaşlı üçün isə bunu normal sayır. Halbuki alimlər iddia edirlər ki, cinsi yetkinliyə çatma yaşı təxminən 13 yaş təşkil edir.
Tədqiqatçılar bildirirlər ki, hüquqi və mənəvi normalar bu məlumatlar nəzərə alınaraq yenidən dəyərləndirilməlidir və mövcud qaydalar bir çox suala birmənalı cavab vermir.
Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə məlumat yayıb.