EN

Avropa İttifaqı Trampın təkliflərinə qarşı ehtiyatlı mövqe tutur

ABŞ Konqresində Respublikaçılar arasında da narahatlıq artır...

Poliqon Rusiyanın "Bezavisimaya qazeta" nəşrinə istinadən xəbər verir ki, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təkliflərə dair öz mövqeyini formalaşdırıb. İttifaq daxilində əsas narahatlıq ondan ibarətdir ki, Vaşinqtonun planı birtərəfli şəkildə Rusiyanın maraqlarına xidmət edə, Moskvanın xeyrinə ciddi güzəştlər yarada bilər. Brüssel hesab edir ki, belə bir yanaşma həm Ukraynanın təhlükəsizliyinə, həm də Avropanın uzunmüddətli strateji balansına zərər vura bilər.

Bu narahatlıq yalnız Avropa ilə məhdudlaşmır. ABŞ Konqresindəki Respublikaçılar fraksiyalarında da Tramp administrasiyasının təklif etdiyi çərçivəyə qarşı tənqidi fikirlər artmağa başlayıb. Xüsusilə, Bloomberg Agentliyi tərəfindən yayımlanan və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında aparılan danışıqların detalları bir sıra respublikaçı konqresmenlərdə ciddi narahatlıq yaradıb.

Məlumata görə, partiyanın müəyyən üzvləri bu təmasların ABŞ-nin mövqeyini zəiflədə biləcəyindən və Ukraynaya dəstəyin daha da təzyiq altına düşəcəyindən ehtiyat edirlər. Respublikaçıların bir hissəsinin narazılığı o qədər güclənib ki, bu, Tramp üçün Konqresin Nümayəndələr Palatasında mövcud çoxluğu itirmək riski yarada bilər.

Ekspertlərin sözlərinə görə, əgər Respublikaçı fraksiyanın daxilində narazılıq genişlənərsə, Tramp administrasiyasının Ukrayna üzrə siyasi kursu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi təzyiqlə üzləşə bilər. Avropa paytaxtlarında isə bildirirlər ki, ABŞ-də baş verən bu daxili siyasi çəkişmə münaqişənin gələcək diplomatik trayektoriyasına birbaşa təsir göstərə bilər.

Poliqon.info

Chosen
77
7
poliqon.info

8Sources