EN

Türk birliyinin QHT platforması

Qloballaşan dünyada yumşaq güc amilinin getdikcə kəskin rəqabət predmetinə çevrildiyi bir vaxtda Türk dövlətlərinin qeyri-hökümət təşkilatları arasında koordinasiyanın institusionallaşdırması yeni məqsədyönlü geosiyasi konsepsiyanın tərkib hissəsidir. Bu forum onu göstərir ki, Türk dünyası artıq təkcə tarixi-mədəni bağlılığın deyil, həm də strateji məqsədlərin, ortaq siyasi maraqların və qlobal meydanda iddialı mövqelərin birləşdiyi vahid platformaya çevrilməkdədir.

Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti bu prosesin ideoloji təməlini, intellektual istiqamətlərini və siyasi hədəflərini dəqiq ifadə edən konseptual sənəd kimi çıxış edir. Dövlət başçısının vurğuladığı kimi, türk xalqlarını eyni kimlik kodları, ortaq tarixi yaddaş, dəyərlər sistemi və siyasi iradə birləşdirir. Bu birləşdirici amillər yeni dövrdə həm təhlükəsizliyin kollektiv modelini, həm iqtisadi inteqrasiyanın dərinləşməsini və həm də ictimai diplomatiyanın regional güc alətinə çevrilməsini özündə ehtiva edən simbioz inkişaf trayektoriyası yaradır. Qlobal müstəvidə getdikcə sərtləşən geosiyasi rəqabət fonunda bu həmrəylik forumu türk milli dövlətlərinin ayrı-ayrı təşəbbüslərinin deyil, ümumtürk məfkurəsinin yeni formatda ifadəsi kimi nəzərə çarpır.

Məhz bu kontekstdə qeyri hökümət təşkilatları arasında əməkdaşlıq yalnız sosial-mədəni sferaya aid proses kimi deyil, beynəlxalq inteqrasiyanın institusional dayağı kimi qəbul edilməlidir. QHT-lər informasiya təhlükəsizliyindən ekoloji siyasətə, mədəni diplomatiyadan beynəlxalq təşkilatlarda koordinasiyalı mövqeyə qədər geniş spektri əhatə edən strateji funksiyanı icra edir. Onların fəaliyyətinin vahid çərçivədə əlaqələndirilməsi Türk dünyasının qlobal platformalarda daha təsirli, daha görünən və daha konseptual şəkildə təmsil olunması deməkdir. Türk dövlətlərinin QHT-lərini bir araya gətirən bu forum məhz həmin koordinasiya mexanizminin formalaşmasında öz rolunu oynaya bilər. Bu, sadəcə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlıq deyil, həm də ümumi mövqelərin ideoloji harmonizasiyasıdır.

Azərbaycanın TDT-yə sədrliyi dövründə ictimai diplomatiyanın bu qədər geniş miqyasda prioritetə çevrilməsi ölkəmizin Türk dünyasının inteqrasiyasına verdiyi əhəmiyyətin və strateji töhfənin göstəricisidir. Son dövrdə Bakıda Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclası, QHT-lərin həmrəylik forumu, ardınca TDT-nin media və informasiya nazirlərinin toplantısı – bütün bunlar Azərbaycanın regionda formalaşdırdığı konseptual xəttin koordinasiyalı və sistemli xarakter daşıdığını nümayiş etdirir. Bu fəaliyyət Azərbaycan dövlətinin yalnız siyasi və iqtisadi deyil, həm də intellektual liderliyini gücləndirir.

Türk dünyasının yüksəlişində Qarabağ Zəfəri mühüm rol oynadı. Beş il əvvəl qazanılan bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda türk dövlətləri arasında mənəvi-siyasi dayaqların möhkəmlənməsinin və öz gücünə inamın artmasının əsas amili oldu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri yalnız regional inkişaf layihəsi deyil, Türk coğrafiyasında kommunikasiya, iqtisadi əməkdaşlıq və mədəni təmasların yeni mərhələsini açan strateji prosesdir. Bu mənada Zəngəzur dəhlizinin açılması Türk dünyasında geosiyasi mərkəzləşmənin təmin olunması, türk dövlətlərinin vahid qlobal logistika sisteminə bağlanması və türk regionunun gələcək güc balansında yeni rol qazanması baxımından həlledici əhəmiyyət daşıyır. Bu dəhliz ideologiya ilə geosiyasətin kəsişdiyi unikal bir nöqtədir və bütün türk xalqlarının birləşdirici arteriyasına çevrilmək potensialına malikdir.

Forumun Bakıda başlayıb Naxçıvanda davam etməsi isə təkcə təşkilati qərar deyil, həm də rəmzi məna yükü daşıyan siyasi mesajdır. Naxçıvan tarixən Türk dünyasının qapısı, Azərbaycan-Türkiyə əlaqələrinin strateji dayağı, Zəngəzur dəhlizinin təbii başlanğıcı kimi çıxış edib. Bu məkanın seçilməsi Türk birliyinin coğrafi və tarixi əsaslarının yenidən aktuallaşdırılması, regional inteqrasiyanın məhz buradan başlandığının vurğulanması deməkdir.

Prezidentin müraciətində QHT-lərin BMT və digər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməsi çağırışı türk geosiyasətində yeni strateji mərhələnin mühüm elementidir. Bu tələbin əsas məntiqi ondan ibarətdir ki, qlobal miqyasda baş verən informasiya, təhlükəsizlik və təsir mübarizəsində yalnız dövlətlərin səyləri kifayət deyil. Mədəni, sosial və intellektual platformaların sinxron fəaliyyət göstərməsi Türk dövlətlərinə daha dayanıqlı siyasi arxitektura qurmağa imkan verir. Bu model artıq ənənəvi diplomatiyanın çərçivələrindən kənara çıxır və geniş mənada ümumtürk intellektual məkanının formalaşmasına xidmət edir.

2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təşəbbüslər və imzalanmış sərəncam həm elmi, həm mədəni, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs Türk xalqlarının yüz il əvvəl başladığı mədəni inteqrasiya xəttinin çağdaş geosiyasi vəziyyətə uyğun şəkildə yenidən canlandırılmasını, tarixən yarımçıq qalmış böyük layihənin QHT-lərin aktiv dəstəyi ilə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Bu, Türk intellektual birliyinin gələcək yüzilliyini müəyyən edəcək mühüm addımlardan biridir.

Bütün bu proseslərin fonunda QHT platformasında atılan addımlar Türk dövlətləri arasında həmrəyliyin real məzmunla doldurulmasını, birliyin siyasi konsepsiyaya çevrilməsini və ortaq hədəflərin vahid strateji çərçivədə formalaşdırılmasını təmin edir. Forumun nəticələri göstərir ki, Türk dünyasının gücü yalnız dövlətlərin iradəsində deyil, həm də ictimai institutların koordinasiyalı fəaliyyətindədir. Məhz bu sinerji Türk dünyasının yüksəliş dövrünü davamlı və dayanıqlı edəcək.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

26 noyabr 2025

Chosen
7
5
korrespondent.az

6Sources