63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub.
Bu barədə Hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb.
"Qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış ola bilərsiniz.
Qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.
Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin "146" çağrı mərkəzinə məlumat verə bilərlər.
Qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək", - deyə məlumatda bildirilib.