EN

Hikmət İbrahimli: “Göndəriş əsasında özəl xəstəxana seçmək hüququ yalnız pasiyentə məxsusdur” » AzadMedia.az


Son günlər bir sıra vətəndaşlar tərəfindən göndəriş əsasında özəl tibb müəssisələrinin seçilməsi prosesi ilə bağlı müxtəlif suallar daxil olur. Xüsusilə, pasiyentlərin seçim hüququ, göndərişlərin təsdiqi və müraciət mexanizmləri ilə bağlı aydınlıq yaradılması zərurəti yaranıb. Məsələ ilə bağlı Agentliyin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimlli Azadmedia.az-a açıqlama verib.
– Pasiyentlər dövlət tibb müəssisəsi tərəfindən göndəriş aldıqdan sonra özəl xəstəxananı necə və hansı qaydalarla seçə bilirlər? - sualına İcbari Tibbi Sığorta Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimlinin cavabını təqdim edirik:

“Qeyd etmək istərdim ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra vətəndaşlar Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında sərbəst şəkildə seçim edə bilərlər. Göndərişin verilməsi zamanı və ya sonrasında konkret bir tibb müəssisəsinə yönləndirilmə halları yolverilməzdir. Çünki göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız və yalnız pasiyentə məxsusdur.

Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiqləndikdə 24 saat ərzində pasiyentə SMS-lə birdəfəlik kod göndərilir və mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. Vətəndaş bu SMS-i aldıqdan sonra üç üsulla özəl xəstəxana seçə bilər.

Birinci üsul ‘e-Tabib’ mobil tətbiqi vasitəsilə seçim etməkdir. Vətəndaş tətbiqin ‘Göndərişlər’ bölməsində tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi xəstəxanaların siyahısı ilə tanış olur, seçim edib təsdiqləyir. Seçim təsdiqləndikdən sonra tətbiq üzərindən xəstəxananı dəyişmək mümkün deyil. Müqaviləli tibb müəssisəsi göndərişi təsdiqlədikdə status yenilənir; imtina olarsa vətəndaş yenidən seçim edə bilər. Göndəriş təsdiqləndikdən sonra 10 iş günü ərzində xəstəxanaya müraciət edilməzsə, göndəriş avtomatik ləğv olunur.

İkinci imkan göndəriş vərəqəsindəki QR kodu oxutmaqdır. Bu zaman vətəndaş xəstəxanaların adları, ünvanları və əlaqə nömrələri ilə tanış olur və müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirə bilər. Tələb olunan tibbi xidmətin həmin müəssisədə göstərilib-göstərilmədiyini əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək vacibdir.

Üçüncü yol isə Agentliyin rəsmi saytında müqaviləli tibb müəssisələrinin siyahısı ilə tanış olmaqdır. Vətəndaş xəstəxananı seçir və yenə də tibbi xidmətin həmin müəssisədə mövcudluğunu öncədən dəqiqləşdirməlidir.

Əgər göndəriş təsdiqlənməzsə, imtinanın səbəbi barədə vətəndaşa SMS vasitəsilə məlumat verilir. Hər hansı sual yarandıqda isə vətəndaşlar Agentliyin ‘1542’ Çağrı mərkəzinin göndərişlərlə bağlı xəttinə (1542–3) müraciət edə bilərlər.”
Chosen
50
1
azadmedia.az

2Sources