EN

BSU-da təhsilalanlar üçün fərdi karyera konsultasiyaları keçirilib

Noyabrın 25-26-da Bakı Slavyan Universitetinin (BSU) Karyera inkişafı, əmək bazarı və məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə tələbələrin peşəkar inkişafını dəstəkləmək məqsədilə fərdi karyera konsultasiyaları keçirilib. Konsultasiyalarda BSU-da təhsil alan sağlamlıq imkanı məhdud olan (SİM) və tipik tələbələr inteqrasiya olunmuş şəkildə iştirak ediblər.

İki gün davam edən konsultasiyaların əsas məqsədi tələbələrin karyera planlaşdırılması, əmək bazarının aktual tələbləri, düzgün peşə seçimi və şəxsi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində profesional dəstək göstərmək olub. Hər bir tələbə ilə 30 dəqiqəlik fərdi sessiyalar təşkil edilib və iştirakçıların ehtiyaclarına uyğun individual tövsiyələr verilib.

Konsultasiyalar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin aparıcı mütəxəssisi Nərgiz Bayramova və Xidmət inkişafı şöbəsinin aparıcı mütəxəssisi Xanoğlan Sadıq tərəfindən aparılıb. Mütəxəssislər tələbələrə əmək bazarında tələbatın artdığı bacarıqlar, effektiv karyera strategiyasının qurulması, təcrübə və iş imkanlarına hazırlıq, eləcə də dövlət tərəfindən təqdim olunan məşğulluq və karyera dəstəyi xidmətləri barədə geniş məlumat veriblər.

Fərdi sessiyalar zamanı tələbələr CV-nin hazırlanması, müsahibəyə hazırlıq, şəxsi üstünlüklərin müəyyənləşdirilməsi və inkişaf istiqamətlərinin formalaşdırılması kimi mövzularda praktiki biliklər əldə ediblər.

Chosen
13
tehsil.biz

1Sources