EN

Çin avtomobilləri ilə bağlı şok iddialar yayıldı: Ekspertdən fikirləri alt-üst edən AÇIQLAMA

Son illərdə Çin avtomobil sənayesi qlobal bazarda sürətlə mövqelərini gücləndirib. Bu ölkənin istehsalı olan nəqliyyat vasitələri həm qiymət, həm də texniki göstəricilər baxımından bir çox tanınmış brendlərlə rəqabət aparır və bəzən onları üstələyir. Elə buna görə də zaman-zaman Çin avtomobilləri ilə bağlı müxtəlif iddialar ortaya atılır. Son günlər səsləndirilən iddialardan biri də uzunmüddətli hərəkət zamanı bu avtomobillərin elektromaqnit şüalar yayaraq insan sağlamlığına mənfi təsir göstərə bilməsi ilə bağlıdır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu kimi fikirlərin real əsası yoxdur və daha çox rəqabət mühitinin yaratdığı təzyiqlərdən qaynaqlanır.

Yaxın

Ekspert qeyd edib ki, dünya bazarında rəqabət kəskin olduğundan uduzan şirkətlər bəzən şər-böhtan kampaniyalarına əl atırlar:

“Rəqabət mühitində uduzan tərəf çox zaman belə iddialar səsləndirir. Dünyanın istənilən ölkəsində buna rast gəlinir. Çin istehsalı olan avtomobillərin elektromaqnit şüa yayması ilə bağlı deyilənlər də rəsmi təsdiqlənməyib. Texniki testlərdən uğursuz çıxmış hər hansı model yoxdur. Əlimizdə hüquqi əsas, təsdiqlənmiş fakt olmadığı halda bu iddianın doğru olduğunu demək məntiqli deyil”, – deyə o, bildirib.

Aslan Əsədov əlavə edib ki, Çin avtomobilləri əsasən şəhər içi infrastruktur üçün layihələndirilib və bu baxımdan onların detallarının da müəyyən faiz göstəriciləri məhz şəhər mühitinə uyğunlaşdırılıb:

“Bu nəqliyyat vasitələri daha çox şəhər üçün nəzərdə tutulub, yolsuzluq şəraiti üçün deyil. Əgər elektromaqnit şüa və ya başqa texniki qüsurla bağlı real neqativ hal olsaydı, istehsalçı şirkətlər dərhal geri çağırış elan edərdi. Belə bir proses müşahidə olunmadığı üçün bu iddiaların doğruluğu şübhə altındadır”, – ekspert vurğulayıb.

Nəticə etibarilə, ekspertlərin fikrincə, Çin avtomobillərinin insan sağlamlığına zərərli elektromaqnit şüalar yaydığı barədə deyilənlər hələ ki, faktlarla təsdiqlənməyib və daha çox əsassız iddialar xarakteri daşıyır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
33
konkret.az

1Sources