EN

Honq Konqdakı yanğında ölənlərin sayı 94-ə yüksəlib

Onlarla sakin itkin düşüb, xilasetmə əməliyyatı davam edir…

Poliqon xəbər verir ki, Honq Konqun Tay Po rayonundakı Van Fuk yaşayış kompleksində baş verən faciəvi yanğın nəticəsində ölənlərin sayı 94-ə çatıb. Associated Press-in məlumatına görə, xilasetmə əməliyyatları artıq ikinci sutkadır davam edir və vəziyyət hələ də kritik olaraq qalır.

Rəsmilər bildirir ki, 279 sakinlə əlaqə kəsilib və onların taleyi naməlumdur. Hadisə nəticəsində 70-dən çox insan xəsarət alıb, onların arasında 11 yanğınsöndürən də var. Təxminən 900 nəfər yaxınlıqdakı müvəqqəti sığınacaqlara köçürülüb.

Yanğın çərşənbə günü günorta saatlarında başlayıb və kompleksin səkkiz qülləsindən yeddisinə sürətlə yayılıb. Yanğınsöndürmə xidmətinin direktor müavini Derek Armstrong Çan alovun “son dərəcə sürətlə” yayıldığını bildirib. Binalara giriş texnikasının qarşısı dağıntılar və qopan konstruksiya hissələri ilə kəsilib ki, bu da xilasetmə işlərini daha da çətinləşdirib.

Polis tikinti şirkətinin iki direktoru və bir mühəndis-məsləhətçisini ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə saxlayıb. İstintaqın ilkin versiyasına görə, alovun bu qədər sürətlə yayılmasına binaların fasadlarında aşkarlanan yanğına davamlılıq standartlarına cavab verməyən materiallar, xüsusilə də asan alışan penoplast panellər səbəb ola bilər.

Yanan yaşayış kompleksi səkkiz binadan ibarətdir və burada demək olar ki, 2 min mənzil mövcuddur. Ümumilikdə 4,8 minə yaxın insan bu binalarda yaşayırdı. Kompleksdə yaxın vaxtlarda əsaslı təmir işləri aparıldığı bildirilir.

Hadisə Honq Konqun ən ağır yaşayış binası faciələrindən biri kimi qiymətləndirilir və hakimiyyət orqanları yanğının səbəblərinin dəqiq müəyyən edilməsi üçün genişmiqyaslı istintaq aparır.

Poliqon.info

Chosen
55
poliqon.info

1Sources