EN

Restoran toyları monqol əti ilə yola verilir... Şok...


Eyyub Hüseynov: “Monqol ətləri əsasən restoranlara göndərilir”

Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət üstünlük təşkil edir. Bu ətlərin satış qiyməti isə 12-15 manat arasında dəyişir.

O da məlumdur ki, son zamanlar ölkədə qeydə alınan dabaq xəstəliyi ilə əlaqədar olaraq ət kəsimi məhdudlaşdırılıb.

Monqol ətinin qiyməti yerli ətin satış qiməti ilə müqayisədə ucuzdur. Bununla belə, əhali həmin əti almaqda tərəddüd edir. Ancaq iddia olunur ki, hazırda iaşə obyeklərində, şadlıq evlərində məhz monqol ətindən istifadə olunur.

“Restoran və şadlıq evlərinin sahibləri istehlakçılara, yaxud sifariş verənlərə birmənalı şəkildə ətin mənşəyini bildirməyə borcludur”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: “Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, şadlıq evləri, restoranlar istehlakçıların hüquqlarının ən çox pozulduğu yerlərdən biri sayılır: “Çünki orada bir neçə saat ərzində kütləvi insanların qidalanması baş verir və böyük qarışıqlıq müşahidə edilir. Sifarişçini mətbəxə buraxmırlar və sifarişçinin başı toya qarışır. Elə bilir ki, elə sifariş etdiyi qidaları verirlər. Bu istiqamətdə AQTA-nın apardığı iş çox zəruridir, ancaq kafi deyil. AQTA-da əməkdaşlar işdən çıxanda toylar, qonaqlıqlar başlayır.

Onu da deyim ki, Monqolustan ətlərinin dadı yerli heyvan ətlərindən xeyli geri qalır. O ətləri insanlar istehlak etdikdə kabab və digər yeməklərdə dərhal hiss edirlər və bu barədə bizə, birliyə məlumat verirlər. Restoran və şadlıq evlərinin sahibləri istehlakçılara, yaxud sifariş verənlərə birmənalı şəkildə ətin mənşəyini bildirməyə borcludur”.

Günel CƏLİLOVA

Chosen
27
baki-xeber.com

1Sources