EN

Xüsusi icra məmuru olmaq istəyənlər üçün - Qaydalar dəyişdi

“Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları” təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur.

Müsabiqə test imtahanı (bundan sonra – imtahan) və müsahibə mərhələlərindən ibarətdir.

- Namizədlərlə müsabiqənin keçirilməsi və onun nəticələrinə dair qərar qəbul edilməsi Qanunun 9.1-ci maddəsinə uyğun olaraq yaradılmış Müsabiqə Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

- Müsabiqə xüsusi icra məmuru olmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, xüsusi icra məmuru vəzifəsinə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

- Müsabiqəyə Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar.

- Ədliyyə Nazirliyinin (bundan sonra – nazirlik) icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər müsabiqənin test mərhələsindən azad edilirlər.

- Müsabiqənin imtahan mərhələsində iştirak ödənişlidir. Ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün müəyyən edilmiş tariflərə uyğun müəyyən olunur. Namizəd imtahanda iştirak etmədikdə ödəniş geri qaytarılmır.

- İmtahanın keçirilməsinə müvafiq dövlət qurumları cəlb edilə bilər. Beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, media subyektlərinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət oluna bilərlər.

- İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçirilir.

- Komissiya tərəfindən imtahanın təşkilinə və keçirilməsinə məsul olan heyət, onun tərkibi və vəzifələri müəyyən edilir. İmtahanın keçirilməsini təmin etmək məqsədilə imtahan rəhbəri və imtahan nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı auditoriya üzrə 2 (iki) nəfərdən az olmamalıdır.

- İmtahan suallarını və cavablarını konfidensiallıq təmin edilməklə Komissiya hazırlayır. Bu işə mütəxəssislər cəlb edilə bilərlər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı 5 (beş) dəfə çox olmalıdır

Komissiyanın qərarlarından, habelə ilkin icbari hazırlıq və stajın yekunları üzrə qəbul edilmiş qərarlardan razı olmayan şəxslər inzibati qaydada və ya məhkəməyə müraciət edə bilərlər.

Xüsusi icra məmurları fəaliyyətə başlayana qədər namizədlər stajkeçmə dövründə dövlət icra məmuruna təhkim edilirlər.


Chosen
34
3
operativmm.az

10Sources