EN

Ali təhsildə texnoloji ixtisaslara maraq kəskin ARTIB

Ali təhsil müəssisələrində texnoloji ixtisaslara maraq kəskin artıb. Son 10 il ərzində bu sahələr üzrə qəbul planı dəfələrlə artırılıb.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə müsahibəsində bildirib.

H.Həsənli qeyd edib ki, aparıcı universitetlərdə yüksək bal toplayan abituriyentlərin əksəriyyəti məhz rəqəmsal və texnoloji ixtisaslara üstünlük verirlər. Bu, həm yerli, həm də qlobal əmək bazarının tələbləri ilə əlaqələndirilir.

Nazir müavini bildirib ki, Azərbaycanda rəqəmsal bacarıqların, STEAM təhsilinin və innovativ layihələrin tətbiqi də genişlənməkdədir:

“Bu proses turizm, mədəniyyət və ekologiya kimi müxtəlif sahələrə də müsbət təsir göstərir. Təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində şagirdlər artıq yalnız nəzəri biliklərlə kifayətlənməyib, öz bacarıqları və kreativ düşüncələri ilə real məhsullar hazırlamağa başlayıblar.

Məktəblərdə STEAM və rəqəmsal bacarıqlar üzrə layihələrin miqyası ilbəil artır və ölkədə ilk nəticələr görünməyə başlayıb. Gələcəkdə bu sahələr üzrə yetişən mütəxəssislərin əmək bazarında daha hazırlıqlı formada çıxış edəcəkləri və ölkənin iqtisadi inkişafına ciddi töhfə verəcəkləri gözlənilir".

O həmçinin vurğulayıb ki, regionlarda da rəqəmsal transformasiya geniş vüsət alıb:

“İnternet və kompüterlə təminat səviyyəsinin yüksəlməsi nəticəsində şagirdlər və müəllimlər layihələrdə aktiv iştirak edə bilirlər”.

Aytac Şirinzadə

Chosen
9
2
azedu.az

3Sources