“Azərbaycan məktəblərində internet, kompüter təminatıyla bağlı problem yoxdur".
Bizim.Media xəbər verir ki, bu sözləri "Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin final mərhələsində Elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında qeyd edib.
O, ilk olaraq, İT sahəsi üzrə Elm və Təhsil Nazirliyinin apardığı işlərdən bəhs edib.
"İlk olaraq ali təhsil üzrə İT ixtisaslarına qəbul artırılıb. Əmək bazarının tələbi yalnız ölkəmizdə yox, qlobal miqyasda da bu ixtisaslara yönəlikdir. Azərbaycanın aparıcı universitetlərində bu ixtisaslara maraq var. Yüksək bal toplayan şagirdlər İT ixtisaslarını seçir. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın genişlənməsində rol oynayacaqlar".
Nazir müavini bu sahə üzrə məktəblərdəki maddi-texniki imkanlardan da danışıb:
"2000-2022-ci ildə təsdiq olunmuş strategiya çərçivəsində ən vacib dəyişikliklər edilib. Məktəblərin əksəriyyəti kompüterlə təmin edilib. Artıq qürurla deyə bilərik ki, Azərbaycan məktəblərində internet, kompüter təminatıyla bağlı problem yoxdur. Nəticədə, şagirdlər məktəblərdə hazırlaşa bilirlər. 600 min şagird rəqəmsal bacarıqlar, 300 min şagird isə "Steam"layihəsində iştirak edir. 175 Hakaton mərkəzi yaradılıb. Bu mərkəzlər böyük məktəblərdə yaradılıb və rəqəmsal qiymətləndirməni həyata keçirməyə imkan verəcək. Şəbəkə ildən-ilə genişlənir".
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media