EN

Çində havadan gündə 50 litr su istehsal edən qurğu HAZIRLANDI

ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çində atmosferdən birbaşa içməli su əldə edən yeni texnologiya hazırlanıb. Şanxay “Jiao Tong” Universitetinin alimləri və AtmosWell şirkəti havadakı rütubəti real vaxtda içməli suya çevirən kompleks sistem təqdim ediblər.

Tribuna.az China Daily-ə istinadən xəbər verir ki, bu həll paketinə üç texnoloji istiqamət daxildir: kondensasiya, adsorbsiya və istilik nasosu ilə adsorbsiya–absorbsiyanın kombinasiyası. Bu üsullar müxtəlif iqlim şəraitlərində — həm isti və rütubətli, həm də quru və aşağı rütubətli bölgələrdə su çatışmazlığını aradan qaldırmaq üçün hazırlanıb.

Tədqiqatçılar bildiriblər ki, Çinin bu addımı ölkəni atmosferdən su çıxarma sahəsində “izləyən” ölkədən “lider” mövqeyinə keçirə bilər. Sistem atmosferdəki nəmi sıxlaşdıraraq təmiz suya çevirir və bu, xüsusilə su təchizatı qeyri-sabit olan və ya yeraltı su ehtiyatları az bölgələr üçün yeni imkan yaradır.

Məlumata görə, təqdim olunan yeniliklər arasında Günəş enerjisi ilə işləyən, heç bir infrastruktura ehtiyac duymadan fəaliyyət göstərən avtonom su stansiyası da var. Kiçik avtobus dayanacağı ölçüsündə olan qurğu 15–40°C temperaturda və 35–99% rütubət intervalında işləyərək gündə 50 litrədək içməli su istehsal edir.

Bundan başqa, şirkət gündə 1600 litr tutumlu iri mühəndislik platforması, həmçinin ev və ofis üçün “su barı” adlı plug-and-play qurğularını da təqdim edib.

Ekspertlər bildirirlər ki, bu texnologiya yalnız su qıtlığı yaşayan regionlara kömək etməyəcək, həm də ekoloji təsirlərin azaldılmasına töhfə verəcək. Hazırda dünyada ildə 600 milyard plastik su butulkası istehsal olunur və onların cəmi 9 faizi təkrar emal edilir.

Mütəxəssislər hesab edirlər ki, yeni sistem təbii fəlakətlər zamanı fövqəladə su təchizatı, uzaq və ucqar bölgələrdə içməli su təminatı və şəhər su resurslarının dayanıqlığının artırılması üçün mühüm rol oynaya bilər.

İmran Kərimli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
tribunainfo.az

2Sources