Gündəlik alış-veriş zamanı alınan məhsulları yığmaq üçün istifadə edilən sellofan torbalara görə artıq neçə müddətdir ki, əlavə ödəniş tələb olunur. Bu, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarı ilə öz təsdiqini tapıb. Belə ki, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Hazırda marketlərdə daha çox 3, 5 qəpik sellofan torbalar təklif edilir.
Pravda.az xəbər verir ki, müştərilər, satıcıların onlardan paket seçimini soruşmadıqlarından, hətta əvvəllər 5 qəpik ödənilən sellofan torbaların 7 qəpiyə satılmasından şikayətçidirlər.
Məsələ ilə bağlı marketlərin müştəri xidmətlərindən Pravda.az-a bildirilib ki, qiymət artımı yoxdur:
“Seçim məhsulun tutumuna görə olur. Torbalar alınan məhsulların sayına, tutumuna görə təklif oluna bilər. Məsələn, 3 qəpiklik istəmirsinizsə, dəyişə bilərsiniz. 7 qəpiyə təklif olunan polietilen paketlər 5 qəpiklik sellofan paketlərlə müqayisədə daha iri ölçüdədir. Satıcı polietilen paket almaq barədə müştərinin seçimini soruşmalıdır. Müştərinin etirazı yaranarsa orada dərhal bildirə bilər. Dəyişim dərhal olacaq”.
Şəhanə Quliyeva